Bakıda məşhur amerikalı şairlə görüş keçirilib

Bakıda məşhur amerikalı şairlə görüş keçirilib
  06 Aprel 2019    Oxunub:2086
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində dünya şöhrətli şair, filologiya elmləri doktoru, professor, ABŞ-ın Delaver Universiteti Senatının prezidenti Aleksandr Səlimovla görüş keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Aleksandr Səlimov öz şeirlərini oxuyub, tamaşaçıların suallarına cavab verib. Bakılı tamaşaçılar şairin yaradıcılığına böyük maraq göstəriblər.

Qeyd edək ki, ki, Aleksandr Səlimov 1963-cü ildə Mahaçqalada anadan olub. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A. Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-ın Delaver Universitetinin magistraturasına, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspiranturasına daxil olub. 1996-cı ildə “İspan dili və ədəbiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib.

A.Səlimovun kitabları arasında “Çağırış və digər poemalar” adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb.

“Çağırış və digər poemalar” kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.

Azvision.az


Teqlər:





Xəbər lenti