Əli Kərimlinin “nəzir qutusu”

  19 Noyabr 2013    Oxunub : 717
Əli Kərimlinin “nəzir qutusu”
M.Nizam-ül-Mülk

Üskük öynadanların maraqlı taktikası olur. Deməli, üskük oynadan insanların çox toplaşdığı yerdə “dəzgah”ını quran kimi, öz yaxın adamları (yaxın adamlardan biri bu işə faktiki rəhbərlik edən olur) bunun başına toplaşır və oyun başlayır. Oyunu kənardan izləyənlər də az olmur.
Üskükdə gizlədilən barmağın arasında rahatca yerləşdirilməsi mümkün olan yumşaq materialdan hazırlanmış şarın 3 üskükdən birində olmasını müəyyən etmək üçün “kliyentlər” pul ödəyib tapmalıdırlar. Tapsan onun 2 qatını “totalizator” “kliyent”ə qaytarır. Tapmasan, məlum məsələdir ki, həmin məbləğ “totalizator”da qalır.

İlk “kliyent”lər “totalizator”un öz adamları olur və ətrafda toplaşan insanlara elə görüntü yaradırlar ki, “burada çətin iş yoxdur”. Aldanan aldanır. Bir də baxırlar ki, ciblərində pul qalmayıb və kor peşman çıxıb gedirlər. Oyun isə qızışır, eynən “qəzetə yardım marafonu kimi”.

“Azadlıq” adlı nəzir qutusu

Noyabrın 15-də Əli Kərimlinin ofisində “Azadlıq” qəzeti üçün “Azadlıq qəzetinə dəstək marafonu” adlı kampaniyaya start verildi. Özü də nə kampaniya. “Dəzgah”lar açılmış vəziyyətdə öz “kliyent”lərini gözləyirdi. Hətta bu “dəzgah”ın üstünə “ianə” adında nəzir qutusu da qoymuşdular.

İlk olaraq “nəzir” qutusuna “nəzir” atan “Azadlıq” qəzetinin faktiki sahibi, AXCP müdiri Əli Kərimli oldu. Özü də Əli Kərimli atdığı nəziri konvertə qoyub, konvertin üstünə məbləği və adını yazdı.
Bu arada, konvert və “marafon”un keçirilmə tarixi ilə Əli Kərimli bir neçə “mesaj” vermiş oldu. Tarixin 15 noyabr seçilməsi heç də təsadüfi deyildi. “Aşura”nın sabahısı günü keçirilən “marafon” İrana “mesaj”, konvertin üstünə 1000 dollar yazılması isə ABŞ-a “mesaj” idi. Hər iki “mesaj”da Əli Kərimli o dövlətlərdəki sahiblərinə bilidirirdi ki, “siz nə desəz canla başla həyata keçirəcəm”. Digər “mesaj”lar isə “kliyent”lərə hesablanmışdı: “Baxın, mən min dollar verdim, siz də nəzir qutusuna az məbləğ salmayın”.

Əli Kərimlinin bu “konvert” məsələsi bir də ona görə maraqlıdır ki, adam öz adını konvertə yazıb. Nə məqsədlə yazıb?

Əvvala konvertin üstünə ad yazmaq onun üçün nəzərdə tutulub ki, adam pulunu rahat qaytara bilsin. Olmadı elə, oldu belə. Adam tərəfdarlarına bel bağlamır. Fikirləşib ki, birdən “nəzir” qutusu açılanda öz pulunun məbləğini desə inanmayanlar olacaq.
İkincisi, orada olan jurnalistlər bunu tirajlayacaqlar. Bu da bir psixoloji təzyiq vasitəsidir.

Bunu mən demirəm, faktlar deyir...

“Yeni Müsavat” qəzeti də buna bənzər kampaniya apardı. Bir fərqlə; “Yeni Müsavat” ianə toplamadı, abunə yazdırdı və İsa Qəmbər “Yeni Müsavat”a abunə oldu. Zatən İsa Qəmbər hər gün qəzeti pul ilə alıb oxuyur. Abunə olmaqla işini qismən yüngüləşdirib. Hətta “Azadlıq” qəzeti üçün də abunə yazılıb.

Amma nədənsə “Yeni Müsavat”ın abunə tədbirində AXCP müdiri görünmədi. Bu yerdə haqlı olaraq ortaya sual çıxır: Əcəba Əli Kərimli niyə “Yeni Müsavat”ın redaksiyasında görünmədi?

Anlamadığım bir məsələ var: Bu hay-küy kimə lazımdır? “Yeni Müsavat”a heç lazım deyildi. Onsuz da o qəzetin maliyyə durumu bir o qədər də pis deyil. Əməkdaşlarına vaxtlı-vaxtında yüksək məbləğdə əməkhaqlarını ödəyə bilirlər, nəşriyyata borcları 2-3 min civarında olur. Tək bu il KİVDF-dən 95 min manat pul alıblar. Şəhərin mərkəzi olmasa da, çox gözəl ofis icarələyiblər. Əməkdaşlarının sayı 60 nəfəri keçib. 60 min civarında da məhkəmə xərcləri var.

“Azadlıq” qəzetinə gəlincə, bu hay-küy kimə lazımdır? “Yeni Müsavat” qəzeti ilə müqayisədə “Azadlıq” qəzeti “Azərbaycan” nəşriyyatında ucuz 3 otaqlı yer icarələyiblər, əməkdaşlarının sayı heç 20 nəfərə çatmır, onların da cüzi əməkhaqlarını vaxtlı vaxtında ödəmirlər. KİVDF-dən “Yeni Müsavat”la eyni məbləğdə pul alırlar, əlavə olaraq xarici təşkilatlardan da hər hansı yollarla maliyyələşirlər. Və nədənsə nəşriyyata borcları 30 min manatdan az olmur. Məhkəmə xərcləri isə 30-40 min arasında var-gəl edir. Göründüyü kimi, istənilən halda Əli Kərimlinin qəzetinin Rauf Arifoğlunun qəzetindən bütün parametrlər üzrə 3 dəfədən az olmayan xərci çıxır.

Bu hay-küy Rauf Arifoğluya kommersiya məqsədi ilə, qəzetin tirajını artırmaq və daha çox pul qazanmaq lazımdırsa, Əli Kərimliyə tamam başqa məqsədlə lazımdır. Belə olmasaydı Əli Kərimlinin də qəzeti abunə kampaniyası aparardı. Amma görünən o oldu ki, Əli Kərimli ianə-nəzir kampaniyasına üstünlük verdi.

Əlbəttə ki, sual yarana bilər; nə fərqi var, istər abunə kampaniyası olsun, istər ianə-nəzir kampaniyası? Fərq burdadır ki, abunə kampaniyasında əlavə olaraq qəzeti ünvana çatdırmaq üçün işçi cəlb olunacaq və qəzetin tirajı artacaq, amma ianə kampaniyasında buna ehtiyac yoxdur. Pulu gətirib atırsan ianə-nəzir qutusuna.
Çox güman ki, məsələ hörmətli oxucuya tam aydın oldu.

Əli Kərimli: “Ya ne aferist, a yurist”

Əli Kərimli ixtisasca hüquqşünas olsa da, bəzi hüquqi məsələləri həmişə yaddan çıxarır. Bəlkə də seyid cəddinə arxayın olduğu kimi, Əli Kərimli də qanunları pozmaqda o biri taydakı sahiblərinə arxayındır. Nəzərə alsaq ki, qəzet öz hüquqlarını Azərbaycan Respublikasının müəsisələr və sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi əsasında həyata keçirir və həmin qanunvericiliyə uyğun şəkildə vəzifələr daşıyır, o halda tam demək mümkündür ki, qəzet kommersiya qurumudur və Vergi Məcələsinə əsasən istənilən pul əməliyyatı vergiyə cəlb olunmalıdır.

Vergi Məcəlləsinə əsasən, xeyriyyə təşkilatlarının gəliri - sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır.

Əli Kərimlinin bu hay-küyü “Yeddi oğul istərəm” filmini yadıma saldı: Mirpaşa məscidin qapısına it bağlayır, bunu görən kənd mollası hay-küy salır ki, camaat, gətirin nəzir-niyaz verin.

İndi də Əli Kərimli hay-həşir salıb ki, gətirin ianə-nəzir verin. Səbəb nə imiş? Səbəb bizə artıq məlumdur: Əli Kərimlinin cibində pulu bir az azalıb.

P.S. Dostoyevski demişdi ki, dilənçinin qüruru olmaz.

Teqlər: