Gömrük xidməti rəhbərləri Rusiyada görüşür

  25 Aprel 2019    Oxunub : 1062
Gömrük xidməti rəhbərləri Rusiyada görüşür
Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı öz işinə başlayıb.
Komitədən Azvision.az -a verilən məlumata görə, beynəlxalq tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupunun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin Regional Laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, ÜGT-nin Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi, Bakıda yerləşən ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri vəzifəsinə namizədlərin təqdim edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Konfrans aprelin 26-dək davam edəcək.



Azvision.az

Teqlər: Gömrük   Rusiya   Konfrans