Neftin qiymətindəki eniş Azərbaycan üçün qorxulu deyil – TƏHLİL

   Neftin qiymətindəki eniş Azərbaycan üçün qorxulu deyil –    TƏHLİL
  13 İyun 2019    Oxunub:4204
Neftin dünya bazar qiymətləri təxminən 70 ABŞ dollar civarında olarkən, bir ara sürətlə aşağı düşməyə başlasa da, döşəmə həddi sanki 60 dollardır deyə, yenidən 3-4 bənd qalxdı. Buna səbəb isə, OPEC+ ölkələrinin hasilatı aşağı səviyyədə saxlamaq haqda qərarlarının vaxtını növbəti dəfə uzadacaqları və bir də, artıq, xeyli müddətdir ABŞ tərəfdən başlanılan məlum ticarət müharibəsində müəyyən istiqamətlərdə “taym-aut” götürülməsi barədə xəbərlərin əldə olunması idi.
Qəribədir ki, neftin qiymətinin birdən-birə 10 dollar ətrafında düşməsi yenə bəzilərinin Azərbaycan kimi ölkələrin iqtisadi vəziyyətinin tezliklə pisləşəcəyi, devalvasiya və sair kimi hadisələrin baş verəcəyi haqda mülahizələr yürütmələri və müzakirələr açmalarına zəmin yaratdı. Bu adamlar sanki, 2016-cı ilin ikinci yarısından etibarən, dünya bazarlarında hansı tendensiyanın cərəyan etdiyinə diqqət yetirməyiblər. Və ümumən, neftin qiymətini formalaşdıran əsas amilləri bu son 3 il ərzində heç nəzərə belə almayıblar. Bu isə təəccüb doğurur.

Xatırladım ki, neftin dünya bazar qiymətləri sonuncu dəfə 2014-cü ilin iyun ayının ortasından etibarən düşməyə başladı ki, bu tendensiya bayaq qeyd etdiyim kimi, düz 2016-cı ilin ikinci yarısınadək davam etdi. Və 2016-cı ilin əvvəlində qiymətlər bir ara hətta 40 dollardan da aşağı endi. Lakin, neft ixrac edən ölkələrin qurumu olan OPEC təşkilatı və ona üzv olmayan digər neft ölkələrinin də birgə qarşılıqlı razılığı və qərarı, başqa sözlə desəm, təşkilatçılığı əsasında ucuzlaşma dayandı. Yekdil qərarın məğzi ondan ibarət idi ki, hasilat azaldıldı. Nəticədə, bazarda qiymətlər sabitləşdi. Hansı ki, bu, heç də ABŞ-ın məsələyə münasibəti və mövqeyinə uyğun gəlmirdi. Bununla belə, qiymətlər uzun müddət 50 dollar ətrafında qaldı.

Bu, nəyi göstərdi? Onu göstərdi ki, qiymətlərin bundan aşağı düşməsi hasilatçı və ixracatçı ölkələrin heç biri üçün qətiyyən sərfəli deyil. Hətta, Səudiyyə Ərəbistanının özü üçün də belə... Baxmayaraq ki, adı çəkilən ölkə Birləşmiş Ştatlar ilə sıx müttəfiqdir.

Sonradan qiymətlər ümumiyyətlə artmağa başladı, daha doğrusu, buna meyl etdi. Belə ki, nəticədə keçən il ərzində 60 dollaradək dinamika nümayiş olundu. Başqa sözlə desəm, ümumən qiymət rəqsləri əsas etibarilə qeyd olunan rəqəm ətrafında möhkəmləndi. Düzdür, arada 70 və qısa zaman çərçivəsində hətta 80 dolları da vurub keçdi. Ancaq, yenə də 60 dollara qayıtdı...

Hazırda qiymətlər yenə 60 dollar və ondan cüzi yuxarı səviyyədədir. Ona görə ucuzlaşmadan danışılır ki, bir müddət idi 70 dolların azca üstündə idi. Odur ki, qeyd etmişəm və yenə təkrar edirəm ki, kəskin ucuzlaşma üçün heç bir əsas yoxdur: nə iqtisadi və nə də siyasi cəhətdən... Eyni zamanda, ciddi bahalaşma da baş verə bilməz. Sual olunur ki, niyə?

Bəli, ABŞ istəyir ki, neft heç olmasa 50 dollardan aşağı olsun... Bu isə nəinki, bizim kimi ölkələr, heç Səudiyyə Ərəbistanı üçün də sərfəli qiymət deyil. Odur ki, qiymətlər 50 dollaradək də düşə bilər, ancaq bundan aşağı yox... Və yaxud da bu və ya digər səbəblərdən 70 dolların üstünədək də qalxa bilər, amma bundan yuxarı deyil!... Belə ki, dünya iqtisadiyyatının tələbatı, ABŞ-ın təklifi və israrı, OPEC-in isə mənafeyi məhz belə deməyə əsas verir. Ona görə də heç bir panikaya əsas yoxdur. Ölkəmizin dövlət büdcəsində bu il üçün neftin baza qiyməti 60 dollar götürülüb. Qiymətlər bundan aşağı düşsə belə, cari il üçün heç bir qorxusu yoxdur!

Ümumiyyətlə, qiymətlərdəki 10-15 dollar ucuzlaşma Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan xərclərin qarşılanması baxımından kritik hədd deyil. Yəni qiymətin 60 dollar ətrafında olması Azərbaycan üçün təhlükəli vəziyyət yarada bilməz. Azərbaycanın dövlət büdcəsi üçün təhlükəli qiymət 50 dollardır. Qiymətlər 50-yə qədər düşərsə, büdcə gəlirlərinin təmin olunmasında müəyyən problemlər yarana bilər. Ancaq manatın stabilliyi, büdcə xərclərinin təmini üçün neftin ən təhlükəli qiymət həddi isə 40 dollar səviyyəsidir.

Bəli, bu ilin əvvəlindən ölkədə həyata keçirilən sosial müdafiə xarakterli tədbirlər büdcədən əlavə maliyyənin yönəldilməsinə zərurət yaradıb. Bu tədbirlər büdcə xərclərinin 2 milyard manatdan çox artmasına səbəb olub. Sosial artımların ödənməsi ilə dövriyyəyə böyük həcmdə vəsaitlər daxil olub ki, ilin ikinci yarısında da bu proses davam edəcək. Lakin nəzərə almaq lazımdır ki, sosial paketin həyata keçirilməsi özü 2019-cu ilin dövlət büdcəsi layihəsi hazırlanarkən planlaşdırılmışdı. Yəni, büdcə xərclərində bu artımlar qabaqcadan nəzərə alınıb. Bu ilin büdcəsinə neftin qiymətinin təsiri isə ümumiyyətlə, ola bilməz. Artıq ilin birinci yarısı arxada qalmaq üzrədir və dünya bazarında müqavilələr sentyabr-oktyabr ayları üzrə bağlanır. Yəni indiyədək olan qiymətlər bundan sonra ciddi ucuzlaşma olacağı təqdirdə belə, bu ilin büdcəsinə təsir etməyəcək.

Digər tərəfdən, ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər büdcə gəlirlərində ciddi artımlara şərait yaradıb. Dövlət başçısı da qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində büdcə gəlirlərində ciddi artımlar əldə olunub. Yalnız özəl tibb klinikaları və topdansatış müəssisələrində vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində milyonlarla vəsaitin büdcəyə ödənilməsi təmin edilib. Və bu proses - kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, vergi siyasətinin təkmilləşdirilməsi və digər islahatlar davam etdirilməkdədir. Nəticədə büdcəyə daxilolmaların artımı da davamlı xarakter kəsb edəcək.

Yəni, demək istədiyim budur ki, sosial müdafiə xarakterli tədbirlərin maliyyələşmə mənbələri arasında neft gəlirləri yeganə mənbə deyil. Neftin əgər, kritik hədd olan 40 dollara qədər ucuzlaşması baş verərsə, bu, yalnız növbəti artımların reallaşmasının qarşısını ala bilər.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Neft   Neftin-qiyməti  





Xəbər lenti