Artımlar davam edəcək – TƏHLİL

   Artımlar davam edəcək –    TƏHLİL
  19 İyun 2019    Oxunub:7358
Dövlət başçımızın sərəncamı ilə minimum əməkhaqqı bu il ikinci dəfə artırıldı. Belə ki, minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari ilin sentyabrın 1-dən minimal maaş məbləği 250 manat təşkil edəcək. Bu, 38,8% artım deməkdir.
Xatırladım ki, bundan əvvəl “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli sərəncama əsasən, bu ilin martın 1-dən minimum əməkhaqqı səviyyəsi 38,4% artırılaraq, 180 manat edilmişdi. Və bununla da ölkədə ilk dəfə olaraq minimum əməkhaqqı məbləği yaşayış minimumu səviyyəsi ilə bərabərləşdirilmişdi.

Xatırladıram ki, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ödənilən ən aşağı əməkhaqqı səviyyəsidir. Yeri gəlmişkən, inkişaf etmiş ölkələrdə gündəlik və saatlıq əməkhaqqı ödənişi üzrə minimal hədd sistemi mövcuddur. Ölkəmizdə isə minimum aylıq əməkhaqqı həddinin və siyasətinin üstünlüyü ondan ibarətdir ki, maaşların aşağı səviyyəsini və yaxud döşəmə vəziyyətini müəyyən etməyə və "tutmağa" imkan verir. Bu isə dolayısı ilə həyat şəraitini yüksəltmək yollarını, perespektivlərini, yoxsulluq səviyyəsini azaltmaq və biznesin effektli olması yönündə necə stimul yaratmaq imkanlarını aşkarlamaq üçün çözüm yaradır.

2006-2019-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası belə olub: 2006-cı ilin oktyabrından - 30 AZN, 2007-ci ilin fevralından - 50 AZN, 2008-ci ilin yanvarından - 60 AZN, 2008-ci ilin avqustundan - 75 AZN, 2010-cu ilin sentyabrından - 85 AZN, 2011-ci ilin dekabrından - 93,50 AZN, 2013-cü ilin sentyabrından - 105 AZN, 2017-ci ilin yanvarından - 116 AZN, 2018-ci ilin yanvarından - 130 AZN, 2019-cu ilin martından 180 AZN, sentyabrından isə qeyd etdiyim kimi, 250 AZN.

Ümumiyyətlə, ölkə vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi uğrunda aparılan siyasətin əsas istiqamətlərindən birini minimum əməkhaqqının ardıcıl qaldırılması təşki edir ki, son 15 ildə Azərbaycanda əmək haqları 7, minimum əmək haqları isə 6,5 dəfə artırılıb. Və təkrar edirəm ki, ilk dəfə olaraq minimum əməkhaqqı məbləği yaşayış minimumu səviyyəsi ilə məhz bu ilin, yəni martın 1-dən bərabərləşib.

Minimum əmək haqqının artırılması Prezident sərəncamları ilə baş verir. Bu mexanizmin üstün cəhəti ondan ibarətdir ki, bütün ölkə, başqa sözlə desəm, iqtisadiyyatın bütün sektorları və sahələri üzrə əməkhaqqı ödənişlərini artırmaq və tənzimləmək mümkün olur. Bir var ki, Prezident sərəncam imzalaya və konkret bir sahədə və ya sektorda maaşlar yüksələ, bir də var ki, bir sərəncamla bütün sahələrdə arta... Minimum əməkhaqqı məhz buna imkan verir. Onun yaşayış minimumu ilə bərabər səviyyəyə çatdırılması isə mexanizmin sosial müdafiənin təmini baxımından effektliliyini təkmilləşdirdi. Buna əslində, çoxdan nail olmaq lazım idi və bu, neçə illər idi ki, düşünülürdü.

Sonuncu sərəncamın öncə, ən böyük üstünlüyü isə ondan ibarətdir ki, ölkədə yenə ilk dəfə olaraq, minimum əməkhaqqı səviyyəsi yaşayış minimumunu keçdi. Xatırladım ki, cari il üçün ölkə üzrə yaşayış minimumu səviyyəsi orta hesabla 180 manat müəyyən edilib.

Minimum əməkhaqqının bundan əvvəl, martın 1-də olan artımının yaxın perespektiv üçün son olmadığı aydın idi. Ona görə yox ki, bu proses indiyədək ardıcıl xarakter daşıyıb və mərhələli davam edib. Bunu dövlət başçımızın bu ilin fevralın 25-də yanında keçirdiyi iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə, “Bu il minimum əməkhaqqı səviyyəsi əhəmiyyətli dərəcədə artırılsa da, bu rəqəm dövləti və hökuməti heç də razı sala bilməz”,- deyə, söylədikləri təsdiq edirdi. “Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl artırılacaq”,- deyə Prezident vurğulamışdı.

Bu isə o demək idi ki, ölkədə ən aşağı maaş səviyyəsinin yaşayış minimumu həddindən yuxarı qalxacağı gün çox da uzaqda deyildi. Və budur, aradan 4 ay keçmədi ki, Prezident minimum əməkhaqqının artırılması haqda növbəti sərəncam imzaladı ki, bu da qeyd etdiyim kimi sentyabrın 1-dən etibarən, icra ediləcək. Bu dəfə təkrar edirəm ki, 38,8% artım həyata keçirilməklə...

Minimum əməkhaqqının sonuncu artımı 600 min insanı əhatə etməklə, dövlət sektorunda işləyən 450 min nəfərin maaşında 30%, özəl sektorda isə 150 min nəfərin əməkhaqqında 25% artımla nəticələnmişdi. Cari ilin sentyabrın 1-dən etibarən həyata keçiriləcək artım da təqribən, eyni kontingentdə işçinin aylıq gəlirlərinin eyni dərəcə ətrafında yüksəlməsi ilə nəticələnəcək. Başqa sözlə desəm, Nazirlər Kabinetin tərəfindən müəyyən olunan 19 pilləli vahid tarif cədvəli yenidən təşkil olunacaq.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarı ilə müəyyən olunan 19 pilləli vahid tarif cədvəli dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan 450 mindən çox işçini əhatə etməklə, bilavasitə onların əməyinin ödənişi üzrə sistemi təşkil etdi. Belə ki, qabaqcadan da qeyd olunduğu kimi, 19 pillədən ibarət cədvəldə ilk pillədə əməkhaqqı 180 manat məbləğinə qalxmaqla, digər pillələr üzrə də bundan yuxarı olan əməkhaqqı məbləği alanların aylıq maaşlarında müəyyən faizlərdə artımın baş verməsinə səbəb oldu. Nəticədə, 450 min nəfər büdcə işçisinin maaşlarında orta hesabla bayaq qeyd olunduğu kimi, 30% civarında artım yarandı. Eyni nəticə, bu ilin sentyabr ayından da etibarən, qeydə alınacaq.



Pərviz Heydərov
Azvision.az üçün

(İnfoqrafika İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb)



Teqlər: Maaşlar   Artım   Sosial-rifah  





Xəbər lenti