İntihar edən tələbənin acı həyat hekayəsi - REPORTAJ

İntihar edən tələbənin acı həyat hekayəsi - REPORTAJ
  28 Noyabr 2013    Oxunub:16051
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindəyik. İki gün əvvəl dənizdən cəsədi tapılan Asim Məmmədovun qrup yoldaşlarını axtarıb, onlarla söhbətləşmək istəyirdik.

Asimin oxuduğu qrupa daxil olanda otaqda 2 tələbə, bir müəllim gözümüzə dəyir. Tələbə yoldaşları Asimi son mənzilə yola salmağa, onunla vidalaşmağa getmişdilər. Auditoriyada hüzün hökm sürür. Sanki divarlar da Asimin ölümündən xəbərdar idi.



Müəllimə Asim üçün gəldiyimizi deyirik. “Onsuz da gözümüzün yaşı qurumayıb, bir az da sizə danışıb ağlayaq” – deyərək müəllim içəri girməyimizə razı olur.

“Bu, kiçik qrupdur. Cəmi 5 nəfərdilər. 3 oğlan, 2 qız. İndi Asim getdi, 2 oğlan, 2 qız qaldılar. Oğlanlar da dəfn mərasimindədirlər”.

Asimin fars dili müəlliməsi Maya Fərəcovanın tələbəsinin ölümü ilə barışa bilmədiyi üzündən bəlli idi. Fərəcova deyir ki, Asim haqqında çox şey danışmaq olmur, çünki həmişə sakit, qapalı, qrup yoldaşlarına bir o qədər qaynayıb qarışmayan tələbə olub:

“Çox qapalı insan idi, sirrini heç kimə açmırdı. Az danışırdı. Dərsə gəlirdi, çox vaxt yuxulayırdı. Bəzən də utandığından deyirdi ki, təzyiqim aşağıdır ona görə yuxum gəlir. Amma anası deyirdi ki, gecəyə qədər kompüterin qarşısında olub”.

Müəllimə Asimin türk qızla sevgili olmasında da xəbərdar olduğunu deyib.

“Sevdiyi türkiyəli qızla da internetdə tanış olub. Qız isə onun sevgisinə qarşılıq verməyib, deyib ki, heç kimi sevmir. Anasının da dediyi kimi təkid edib ki, nişan aparsınlar. Deyib ki, bir-birimizi bəyənmişik, o məni sevəcək. Gərək yaşayaydı, özünü sevdirəydi”.



Müəlliməsi Asimin tənbəlliyindən, dərsləri tez-tez buraxmağından şikayətlənsə də dəfələrlə vurğulayır ki, ümumi savadı çox yaxşı olub. Asim fars dilindən rus dilinə mətnlərin tərcüməsi ilə məşğul imiş, hətta bu işdən pul da qazanırmış.

“Gözəl nitqi var idi, rus dilini çox gözəl bilirdi. Fars dilindən isə tez-tez dərsləri buraxırdı. Farsca təsəvvürü var idi, danışa bilirdi. Amma dərsə az gəldiyi üçün qrammatik səhvlər edirdi. Fasr dilindən rus dilinə gözəl tərcümələr edirdi. Bir cümlədəki 15 sözdən 5-ni bilmirdisə, yenə də cümləni konkteksə təsir etmədən, olduğu kimi tərcümə edə bilirdi. Bütün sözləri bilməyinə ehtiyac olmurdu. Ümumi bilik səviyyəsi çox yaxşı idi, kitabı bir dəfə açıb oxusaydı bəlkə də onun 90 faizi Asimin yadında qalardı. Amma oxumurdu.

Bəzən də əlavə tərcümə ilə məşğul olub, pul qazanırdı. Düzdür, qazancı çox deyildi, cəmi 100-200 manat qazanırdı, amma tələbə üçün kifayət idi. Çalışqan oğlan deyildi, amma hafizəsi güclü idi”.

Maya xanımdan öyrənirik ki, Asim namaz qılmağa son iki ildə başlayıb. Ondan əvvəl də uğursuz sevgi yaşayıb və təsəllini dində tapıb:

“Dinə son iki ildə gəlib. Əvvəllər dinlə o qədər də maraqlanmırmış. Anasının dediyinə görə universitetə hazırlaşanda bir qız sevib, məhəbbəti cavabsız olub. Dostluq münasibətləri qalıb, amma qız onu sevməyib. Ondan sonra dinlə təsəlli tapıb. Dinin də nə ziyanı var? Namaz qılan, oruc tutan oğlan idi. Amma çox müasir idi. Hər şeylə maraqlanan, hər şeydən xəbərdar idi.

Tərbiyəsi, davranışı ilə bağlı heç birimizin şikayətimiz yox idi. Ağıllı oğlan idi. Sadəcə anasının da, mənim də əsas şikayətimiz o idi ki, Asim uzun müddət komputerin qarşısından ayrılmırdı”.

Müəlliməsi də Asimin intiharına təəccüblənir, onun dindar ola-ola intihar etməyini anlaya bilmir. Buna baxmayaraq düşünür ki, Asim intihar edə bilər, çünki həmişə tərkidünya və qapalı insan olub:

“Əslində onu dindar oğlan kimi tanıyırdıq, biz də təəccübləndik ki, niyə dindar ola-ola intihar edib. Amma son günlər belə bir şeiri də yayılmışdı ki, Aşuradan mənə nə? Dünyadan küskün idi. Yazdığı şeirdən belə görünür ki, artıq dindən də uzaqlaşırmış.



Çox tərkidünya idi. Dərslərini də oxumayanda yalan demirdi, açıq deyirdi ki, oxumayıb. Soruşurdum ki, Asim, sən bu il evdə fars dili kitabının üzünü açmısan? Başı ilə cavab verirdi ki, yox. Deyirdim ki, haçansa oxuyacaqsan? Cavab verirdi ki, bilmirəm, yəqin ki, yox. Heç nə onu maraqlandırmırdı. Xəbərdarlıq edirdim ki, imtahana buraxılmaya bilərsən, qayıbların çoxdur. Cavabında çiynini çəkirdi. Sentyabrdan bu günə qədər bir qiymət alıb, 9 bal. Cavab verəndə yüksək qiymət alırdı, amma qayıbları da çoxdur”.



Bu da Asimin sözü gedən şeiri:

“Aşuradan mənə nə?
Qiyamət qopdu mənimçün.
Minillik kimi keçməkdə
hər saatım, hər günüm.

“Ümidim yox” dedikdə
Varlığım geyindi qara
Çox asan görünür mənə
Həm Qiyamət, həm Aşura.

Deyil heç vecimə:
Hücum edin şair-kafirə!
Ölüyə nə qorxu hücumdan?
Yalnız zərər yetişə kəfənə.

Asim dərslərə qarşı tənbəl olsa da tərcümə işini həvəslə və qısa müddətdə yerinə yetirirmiş. Maya xanım deyir ki, dərslərə laqeyd yanaşdığından Asimə fars dilində mətn verib ki, heç olmasa onun tərcüməsilə məşğul olsun, bir neçə gün başı qarışsın:

“Məhəmməd peyğəmbərlə bağlı mətn verdim ki, həm də onun maraq dairəsindədir. Fikirləşirdim ki, gələn həftəyə qədər tərcümə ilə məşğul olar, başı buna qarışar. Amma tapşırığı verdiyimin səhəri gün mətni gətirdi ki, tərcümə hazırdı. Ona deyirdim ki, sənin çox yaxşı başın var, qavrayışın yaxşıdır, amma bundan istifadə etmirsən. Bildiyi ancaq dərsdə mənim danışdıqlarım idi. Evdə gedib dərs oxumurdu. Soruşurdum ki, Asim düzünü de, evdə oxumamısan, mən danışdıqlarımı danışırsan. Etiraf edirdi ki, bəli”.



Qrup yoldaşı Elnurə Cabbarova da Asimi yaxşı qrup yoldaşı kimi xatırlayır. Deyir ki, bir yerdə oxuduqları müddət ərzində ondan heç bir narazılığı olmayıb: “Düzdür, qapalı uşaq idi, o qədər də çox münasibətimiz yox idi. Dərsə gəlirdi, salamlaşırdı vəssalam. Amma arada olurdu ki, bir yerdə danışıb gülürdük. Din haqqında nə isə sualımız olanda da ondan soruşurduq, o da başa salırdı. Mən ona demişdim ki, namaz qılmaq istəyirəm, amma qaydalarını, sözlərini bilmirəm. O da söz verdi ki, məşhəddən gəlmiş kitab gətirəcək, səhəri gün də gətirdi. Diqqətli idi”.

Elnurə deyir ki, yoxa çıxmadan əvvəl son üç gündə Asim dərsə də gəlməyib:

Yoxa çıxmamışdan əvvəlki son üç gündə dərsə gəlmirdi. Ondan öncə isə gələndə 1-ci dərsdə otururdu, sonra gedirdi. Savadına görə bütün müəllimlər ondan razı idi. Sadəcə bir az tənbəl idi. Ən çox da rus dili müəlliməsi ondan razı idi. Həmişə deyirdi ki, Asim çox aktivdir. Yoxa çıxandan sonra da həmin müəllimimiz dedi ki, deyəsən gözüm dəydi uşağa”.

Asim qapalı insan olsa da qrup yoldaşlarından nisbətən Elşənlə yaxın imiş. Nurcahan Məlikova deyir ki, Elşənlə də hər sirrini danışmırdı. Ona qarşı da qapalı olub: “O, sevdiyi qız üçün Türkiyəyə gedəndə hamımıza demişdi ki, iş üçün gedib, sonradan öyrəndik ki, qıza görə gedib”.

Nurcahan əlavə edir ki, Asim təkcə son vaxtlar deyil, həmişə sakit, qapalı olub: “Asim ümumiyyətlə sakit, qapalı insan idi. Birinci kursda oxuyanda aksiyalarda iştirak edirdi. Sionizm, vəhabiliyə qarşı həmişə narazılıq edirdi. Aksiyalarda iştirakına görə biz ona deyirdik ki, əziyyət çəkib universitetə daxil olmusan, oxuyursan, getmə aksiyalara. Yarımçıq qoyma. Əvvəl razılaşırdı, sonra deyirdi ki, yox, mən bu yolu seçmişəm”.

Tələbələrinin sözlərini təsdiqləyən Maya xanım əlavə edir ki, o da Asimdən Türkiyəyə getməyi ilə bağlı soruşanda cavab verib ki, iş üçün gedib: “Soruşdum ki, Türkiyədə necə gəzdin? Dedi ki, gəzməmişəm. Sual verdim ki, bəs nə edirdin? Cavab verdi ki, iş üçün getmişdim”.

“Asim atasının yoxluğu ilə də barışıb, onun öz həyatını yaşadığını da qəbul etmişdi”.

Maya xanım belə deyir. “Atası onları uzun müddətdir ki, atıb gedib. Hazırda Rusiyada yaşayır. Bir dəfə birinci kursda məndən icazə istədi ki, işə getsin. Mən dedim ki, iş vaxtını dəyiş, mənim sənə icazə vermək ixtiyarım yoxdur. O da dedi ki, istəyirsiz qayıb yazın, amma mən mütləq getməliyəm. Dilində bir az yalan var idi. Sonradan öyrəndim ki, işə getmir. Çünki tərcümələrini evdə edib internetlə göndərirdi. Ondan soruşdum ki, sən hələ 1-ci kurssan, indidən niyə işləyirsən? Dedi ki, məcburam, anam səhhətinə görə işləyə bilmir, gərək mən işləyim. Soruşdum ki, bəs atan? Dedi ki, eh, atamın öz həyatı var, biz onu maraqlandırmırıq. Atası Asim haqda nə sağ olanda, nə də öləndən sonra xəbər tutmadı.

Atası ilə ümumiyyətlə əlaqələri yox idi, heç bir yardım etmirdi. Asimin təhsil haqqını anası yığıb ödəyirdi. Bu ilki təhsil pulunu da yığıbmış. Deyir ki, indi həmin pulu dəfninə xərcləyir. O pul özünə qismət oldu, amma yasına xərcləmək üçün…”

Asimin müəllimi və tələbə yoldaşları ilə sağollaşıb fakültəni tərk edirik. Zəng vurulur, tələbələr yenidən dərsə tələsir. Hər şey əvvəlki qaydada davam edir.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti