Nazir “Huawei”in vitse-prezidenti ilə görüşüb

  22 İyun 2019    Oxunub : 1112
Nazir “Huawei”in vitse-prezidenti ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin vitse-prezidenti Hou Tao ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, İKT, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən İqtsadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu və ölkəmizin İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda marağını bildirib.

Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan “Huawei” ilə əlaqələrin inkişafı üçün potensial genişdir. Bildirilib ki, yüksək texnologiyalarla bağlı Azərbaycanda təşkil olunan sərgilərdə şirkətin məhsulları nümayiş olunur və maraqla qarşılanır.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdəki sənaye və yüksək texnologiyalar parkları barədə məlumat verərək, “Huawei” şirkətini burada yaradılmış əlverişli işgüzar mühitdən yararlanmaqla birgə əməkdaşlığa dəvət edib. Bununla yanaşı, “Huawei” Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə əlaqələrin qurulmasında İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlıq edə bilər.

Şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Hou Tao Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının bu ilin fevralında Pekində keçirilən iclası çərçivəsində Azərbaycan nümayəndə heyətinin “Huawei” şirkəti ilə görüşünü xatırladıb və qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əlaqələrin inkişafında önəmini qeyd edib.

Görüşdə “Huawei” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Nazir   Şahin-Mustafayev