“Rəhim Qazıyev imkan vermirdi əməliyyata başlayaq”- MÜSAHİBƏ

  30 Noyabr 2013    Oxunub : 1798
“Rəhim Qazıyev imkan vermirdi əməliyyata başlayaq”- MÜSAHİBƏ
“Dedim ki, sizə bir həftə vaxt verirəm, Başkənddə bir ev qalsa, məndən inciməyin”

Azərbaycanın sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayev AzVision.az saytına müsahibə verib. Eks-nazir müsahibəsində hərbiyə başlamasından nazir vəzifəsinə gəlişinədək, eləcə də məşhur Başkənd əməliyyatı ilə bağlı indiyədək bilinməyən gizlinlərdən danışıb.

- İlk olaraq hərbiyə gəlişinizdən başlayaq. Bizə necə başlamanızdan, maraq və həvəsinizin nədən qaynaqlanmasından danışın.

- Uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə yaşayırdım. Ancaq təəssüflər olsun ki, əsgərlik zamanı tale məni Hərbi Hava Desant Qüvvələrinə apardı. Bu yolda 40 il qulluq etdim, indi də sizin qarşınızda oturmuşam.



- Hələ də təəssüflər olsun ki, deyirsiniz..
- Bəli , arzum o idi ki, təyyarəçi olum.

- Bir çox uğurlu əməliyyatlarınız olub. Onlardan bir də Başkənd əməliyyatı idi. Həmin döyüşü, kəndin alınmasını necə xatırlayırsınız.

- Başkənd əməliyyatını həyata keçirən zaman korpus komandiri idim. Korpus komandiri olduğum müddətdə 12 minlik korpus yaratdıq. Və 8 avqust 1992-ci il də Başkəndi ermənilərdən azad etdik. Ermənilər orada çox möhkəm müdafiə xəttu qurmuşdular. Kəndin isə 12 mindən çox əhalisi var idi. Həmin kənd 4 rayonu zəlil etmişdir. O biri tərəfdən isə Gədəbəyi iki yerə bölmüşdür. Şınıx zonası nə Gədəbəyə gedə bilirdi, nə də Gədəbəy Şınıx zonasına gələ bilirdi. Ermənilər həmin kəndi “Balaca Qarabağ” adlandırırdılar. Onlar avqustun 5- də Mutudərə adında bir kənd var idi. Hücum edib həmin kəndi yandırdılar. Bizdən iki nəfər həlak oldu. Ondan sonra biz qərara gəldik ki, kəndi ermnilərdən azad etməliyik.



Səhər o başdan hücuma keçdik. Kəndi ermənilərdən 3 saat ərzində tam azad etdik. Ermənlərin sərhədlərini də keçdik. Orada “Orcanikadze” adında kənd var idi. Onu da tutduq. Sonra təəssüflər olsun ki, bizi geri qaytardılar, gəlib sərhədi möhkəmləndirdik. Ermənilər ən azı 7-8 dəfə əks hücuma keçdilər ki, kəndi qaytarsınlar. Həmin kənd “Krasniyselski” rayonunun 12 % kənd təssərrüfatı məhsullarını verirdi.

-Bildiyimə görə planların qurulmasında döyüş vaxtı çox sərt olmusunuz. Çalışmısınız ki, döyüş planlarınız sirr kimi qalsın. Orduda sizcə xəyanətkarlar ola bilərdi?

- Niyə ola bilər ki, var idi. Məsələn, mən kəşfiyyat məqsədi ilə ermənilərin hədəflərini gəzəndə, o saat ermənilərə xəbər verirdilər ki, Rzayev buradadır, Başkəndi götürəcək. Ermənilər də bunu bilən kimi silah-sürsatı çıxardıb hədəflərə qoyurdular. Mövqelərə qoyurdular ki, hücum olsa, o saat əks hücuma keçsinlər. Gördüm ki, bir, iki dəfə belə olur, ondan sonra planı məndən başqa heç kim bilmirdi.

Yalnız əmr edirdim, əmr əsasında plana uyğun olaraq yerinə yetirməyə başladılar.

- Kimlərdən şübhələnirdiniz?

- Ermənilərlə ailə quranlar , yaxın dost olanlar ola bilərdi. Çox idilər.

- Dediyiniz kimi iş çox olurdu, rejimsizik, günlərlə yuxu yatmırdınız…

- Bilirsiniz iş çox idi, vaxt az idi. Elə olurdu ki gün ərzində bir neçə saat yatmağı böyük qənimət bilirdik. Çünki normal yuxu yatmaq üçün vaxtımız , imkanımız yox idi.

-Başkənd əmliyyatından öncə bildiyimə görə, qarşınıza çoxlu maneələr qoyulmuşdu.

- Əlbəttə var idi. O zamanki nazir (müsahib Rəhim Qazıyevi nəzərdə tutur-red) imkan vermirdi əməliyyata başlayaq. Şəxsən həmin əməliyyatı həyata keçirmək üçün mənə ovaxtki hakimiyyət imkan vermirdi. Mən də axırda bütün məsuliyyəti öz üzərimə aldım. Və bacardıq. Kəndi azad etdik.

Başkəndi götürəndə qazın üstündə yemək qaynayırdı. Dedim ki, sizə bir həftə vaxt verirəm, bir həftəyə kimi kənddə bir ev qalsa məndən inciməyin. Ona görə ki, erməni orda baxıb deməsin ki, mənim evim oradadır. Mən qayıdım . Bir dəfəlik görsün ki, daha Başkənddə evi yoxdur. Qazax Ağstafa , Şəmkir, Tovuz rayonu hər yay mal -qaralrını həmin kənddəki dağlara çıxardırdılar. 4 il o dörd rayon bir dənə qoyun ora çıxarda bilmədilər. Faciə idi.

-Həmin kənddə 15-16 ailə qalır. Orada yol çəkilir, amma qaz, işıq problem var . Buna görə də yaşmaq qəlizdir. Siz təklif etmisiniz ki, insanlara bir köməklik etsinlər.

-Mən hesab edirəm ki, kənd yenidən bərpa edilməlidir. Əvəllər düşünürdüm ki, kənddən hərbi savxoz kimi istifadə olunsun. Hər şey oradan gəlsin. Baş qarışdı eləmədilər.

- Bəlkə indi bu təkliflə çıxış edəsiniz. Ən azı sizin orada böyük əməyiniz var.

-Sən onu deyirsən Başkəndi götürən biz, kitab yazırlar ki, kəndi götürənlər başqalardır. Mən neçə müddətdi istəyirəm gedəm ora baxam. İndi Allah qoysa bəlkə üzüzmüzə gələn avqust ayında oranın alınnmasında iştirak edən zabitlərlə getdim ora. Görək neyniyirik. Orada kartof əksələr elə Azərbaycan ordusuna bəs edər .



-1991-ci ilə keçək. Nazir müavini işlədiyiniz vaxtlar yaddınızda necə qalıb?

- O dövrlər Milli Ordu yaranan gündən ordunun birinci naziri Valeh Bərşadlı , eyni zamanda onun müavini və Özünü Müdafiə Qüvvələrinin Komandanı Dadaş Rzayev olub. Hesab edin ki, boş və quru bir kabinet, nazir və onun müavini var idi.

Yanımızda da da 5-6 zabit vəssalam. Nədən başladıq ….. Hesab edin ki, bir dənə avtomatı da olmayan həmin nazir, zabitlər var idi. Və yavaş -yavaş bu məsələləri həll etdik. Hər rayonda özünümüdafiə batolyonları var idi ki, hamısı ermənilərlə sərhəddə bu batalyonlar vuruşurdular. Çox ağır gündə idik.
Silah-sürsat, kadrlar, əsgərlər yox dərəcəsində idi. Geyim, yemək, kazarma məsələsini həll edirdik. Bəs, sən əsgəri çağırırsan, buna nə yedirəcəksən , nə geyindirəcəksən. Hamısını tez-bazar həll etdik. Şıxovda birinci hərbi şəhərcik saldıq. 3 batolyon yığdıq . O zaman həmin batolyonlar ilk növbədə Şuşaya getdilər. Siz sual verirsiniz həmin günlər, ordunun yaranma tarixi gözümün önündə canlanır. Qarabağda özünü müdafiə batalyonları yaxşı döyüşürdülər. Orada döyüşən könüllülər çox cəsur idi.



- Başqa dövlətlərdən necə kömək ala bilirdinizmi? Məslən, Türkiyədən nə kimi kömək aldınız? Ümumiyyətlə, silah qıtlığını necə aradan qaldırdınız?

- Hələ biz yenicə başlamışdıq, heç bir dövlətdən yardım almamışdıq. Təzə başladıq ki, ondan sonra AXC hakimiyyətə gəldi və Valeh Bərşadlını çıxartdılar. Bir sözlə, nazirlərin birini təyin etdilər, birini çıxartdılar. Mən şəxsən qulluq edəndə Valeh Bərşadlı, Tacəddin Mehdiyev, Şahin Musayev, Tahir Əliyev, daha sonra Rəhim Qazıyev nazir oldu. Bu da əlbəttə ki , öz təsirini göstərirdi. Əlcək kimi biri çıxdı biri gəldi. Orduda isə belə hal çox pisdir. O vaxt ordu olmaya-olmaya belə hal lap zərbə idi.


-Siz bir çox xarici ölkələrdə SSRİ uğrunda da vuruşmusunuz. Eyni zamanda Qarabağ müharibəsi başlayan zaman isə könüllü istefa verib, Qarabağda döyüşə getdiniz. Vətəndə döyüşmək, dogma torpağı üçün mücadilə etmək biri də var ki, Sovet ölkəsi uğrunda döyüşürsən. Bir hərbçi üçün bunun fərqi varmı? Hisslər necə idi o zaman?

-Təbii ki, öz vətənin qorumaq, onun uğrunda döyüşmək hər bir hərbçi üçün qürurvericidir. Mən çox fəxr edirəm ki, milli ordumuzun qurucularındanam. O zaman biz qeyd etdiyiniz kimi sovet ordusunun hərbçisi olmuşuq. Əlbəttə ki, bu iki durum arasında böyük fərq var. Öz torpağında xidmət etmək, onun naminə əldə silah döyüşmək tam fərqli hisslərdir. Artıq nə üçün və kimin üçün döyüşdüyünü bilirsən və bununla da qürur duyursan. Mən fəxr edirəm ki, Qarabağ müharibəsində bir çox uğurlu əməliyyatlar apararaq dogma yurdumuzu erməni işğalçılarından azad etmişəm. Qürur duyuram ki, ilk dəfə mən Hərbi And içmişəm. Və əminəm ki, tezliklə Ali baş Komandanın rəhbərliyi altında güclü Azərbaycan Ordusu öz müqəddəs torpaqlarını düşmən tapdağından azad edəcək.

-Ailənizdən necə, kimsə sizin yolunuzu davam etdirirmi?

- 11 yaşında bir oğlum var. O da bütün günü vuruşur (gülür).



Şəhanə Rəhimli
Fotolar Elnur Muxtar


Teqlər: