Camaatın pis baxdığı sevginin axırı - Murad Köhnəqalanın yazısı

  09 İyul 2019    Oxunub : 6814
 Camaatın pis baxdığı sevginin axırı - Murad Köhnəqalanın yazısı
Rayonumuzun uzaq dağ kəndindən Faiq adlı bir əsgərlik yoldaşım vardı, kəndlərindən bir qızı sevirdi, bütün əsgərlik boyu o qızı dəli kimi sevdiyindən danışır, bizi rahat buraxmırdı. Ancaq görünən bu idi ki, qız onu sevmir, yaxınına belə qoymurdu. Qızın onu sevməməsinin səbəbi mənə məlum idi, görünür, qız özünü belə palaz eləyib, sərən adamdan xoşlanmamışdı.
Yazıq Faiq dəli kimi sevdiyi həmin qıza öz qohumları vasitəsilə bir neçə dəfə məktub da göndərmişdi, ancaq cavab almamışdı. O zaman bizim məktublar bir həftəyə o başa gedir, cavabı da bir həftəyə qayıdırdı. O iki həftə ərzində qızdan cavab məktubu gözləyən əsgər yoldaşımız nigarançılıqdan gecə-gündüz yata bilmirdi.

Bir dəfə Faiq məni qırağa çəkib, bir xahişinin olduğunu dedi. Bildim ki, söhbət yenə həmin qız barəsində olacaq. Dedim, de görüm, noolub? Dedi, istəyirəm qıza mənim adımdan bir şeir yazasan, bəlkə məni belə anlaya. Razılaşdım, dedim, baş üstə, şeir sabah hazır olacaq. Sonra başladı ki, şeirin içində belə deyərsən, elə deyərsən, nə bilim, ölürəm yazarsan. Dedim, mənə bir gün mane olma, sabah şeir hazır olacaq.

Qızın adı Sevda idi. Bir kağıza üzüaşağı böyük hərflərlə “SEVDA MƏN SƏNİ SEVİRƏM!” yazıb qarşısından həmin hərflərlə başlayan misraları düzdüm, nə düzdüm! “İndeyski” duyğular: “Ay sən bir çiçəksən, mən də bir arı, ay sən qızılgülsən mən də bir bülbül!” Sabah şeiri Faiqə oxudum, yazıq sevindiyindən məni qucaqlayıb dəfələrlə öpdü. Tez məktubu göndərdik qızın ünvanına. İki həftə keçdi, üç həftə keçdi, bir ay keçdi, qızdan cavab gəlmədi ki, gəlmədi.

Nə isə, əsgərliyi bitirdik, hərə bir iş, sənət, təhsil dalınca qoşdu.
Tələbə vaxtlarım idi, kəndə yay tətilinə gəlmişdim. Mənə bir dəvətnamə gətirdilər, həmin əsgərlik yoldaşım məni öz toyuna çağırırdı. Kənddən iki-üç nəfəri də yanıma alıb, dostumun toyuna getdim. Yaşıllıq içində itib-batan dağ kəndi, aşıqlar, qara zurna, ocaq üstə buğlanan iri qazanlar, dadlı yeməklər, zoğal arağı, bulaq suyu...

Toyda dəm havasına bir tərəfə çəkiləndə tanış olduğum bəyin dostlarından biri söhbət əsnasında söylədi ki, sənin bu dostun bu qızı gəncliyində sevirdi, ancaq qız ona razı olmurdu, heç atası da qızı ona vermək istəmirdi. Sonra qız başqa bir kəndçimizə ərə getdi, oğlanın ağ "Jiquli"si vardı. Evliliklərinin heç altı ayı tamam olmamışdı ki, oğlan maşın qəzasına düşdü və onurğası qırıldığına görə elə hadisə yerindəcə keçindi. Nakam cavanı dəfn elədik, ili də çıxdı. Sənin əsgərlik dostunun keçmiş sevgisi yenidən alovlanmağa başladı. Mənə dedi, Sevdanı çox sevirəm, onu belə darda qoymaq istəmirəm. Mən Faiqin bu fikrinə mat qalmışdım. Dedim, a kişi, sən nə danışırsan, camaat buna nə deyər? Axı, o qız səni saymayıb başqasına getmişdi, indi hansı üzlə sənə razı olacaq? Dedi, mən bir dost kimi sənə ümid bəsləyirdim, fikirləşirdim, kim olmasa da, məni sən müdafiə eləyəcəksən, elə sən də mənim dədəm kimi düşünürsən. Mən sizin kimi "camaat nə deyər?"lə yaşamaq istəmirəm!

Bir gün gecə evdə uzanıb onun bu sözləri üstündə fikrə getmişdim, düşündüm, ölçüb-biçdim, axırda bu qərara gəldim ki, Faiq doğrudan da, düz yoldadır. Sabah gedib onu söhbətə çağırdım, düzgün qərar verdiyini, əlimdən gələn köməkliyi eləyəcəyimi söylədim. Faiq bu arada öz bacısını da işə qoşulmağa razılaşdırmışdı. Əvvəlcə bacısını qızın yanına, fikrini ona söyləməyə göndərdi. Qız onun bu sözlərini çox pis keçirib, ağlayıb, xəcalət çəkdiyini, Faiqin üzünə çıxa bilməyəcəyini, bu işin baş tutmayacağını söyləyib. Nə başını ağrıdım, yavaş-yavaş başqa adamları da işə qoşub, qızı razı sala bildik.
İnan, əvvəlcə bütün kənd bu söhbətin qeybətini eləyirdi, sonradan hamı işin düzəlməsinə çalışdı. Bax, görürsən, indi də onların toyudayıq.

Zoğal arağından vurub, dəmləşmiş bu qırmızıyanaq oğlan sözünü bitirən kimi ondan aralanıb birbaşa mağarın o başına, bəylə gəlinin yanına getdim. Faiqi qucaqlayıb öpdüm və qulağına dedim: "Sən çox xoşbəxt adamsan! Sən kişi adamsan!"

Sonra gəlinə tərəf dönüb, qara zunanın səsini üstələyəcək tonda bağırdım: "Sizin çox xoşbəxt ailəniz, gözəl uşaqlarınız olacaq!" Sonra da qara zurnaya bir dənə "Qoçəli" deyib, yorulana qədər təzə dostlarla oynadım.

Bu yaxınlarda Faiqin oğlu ilə təsadüfən görüşdüm. Almaniyada təhsil alıb qayıdıb, həkimdi. Atasını, anasını soruşdum. Dedi, kənddə yaşayırlar, əkin əkir, mal-qara saxlayırlar. Zarafatla soruşdum ki, atan ananı yenə də əvvəlki kimi sevirmi? Gülərək hissini bircə sözlə ifadə elədi: “Möcüzə!”

Murad Köhnəqala
Azvision.az üçün

Teqlər: