Qarabağ danışıqlarında növbəti raund: Putin, yoxsa Ərdoğan?

Qarabağ danışıqlarında növbəti raund: Putin, yoxsa Ərdoğan?
  02 Dekabr 2013    Oxunub:1186
Türkiyənin “Qarabağ planı” - Putin nə edəcək?

Dağlıq Qarabağ probleminin həlli istiqamətində artıq yeni mərhələ başlayır. 20 ildən çoxdur dondurulmuş münaqişələr sırasında yer alan Qarabağın işğaldan azad edilməsi üçün rəsmi Bakı yeni diplomatik danışıqlara start verib. Azərbaycanın illərdir nümayiş etdirdiyi kostruktiv mövqe nəhayət qismən də olsa öz bəhrəsini verməyə başlayır. Belə ki, siyasi müstəvidə cərəyan edən son proseslər güclü Qərb liderlərinin və problemin həllini dalana dirəyən Rusiyanın bu istiqamətdə mövqeyinin Azərbaycanın xeyrinə dəyişdiyini göstərir.

Siyasi analitiklərin fikrincə, rəsmi Kreml Ermənistanın kaprizlərindən cana yığılaraq regionda böyük problemlərin yaranmasından ciddi narahatdır.

Beynəlxalq təşkilatların, planetin güc sahiblərinin Azərbaycana bəslədiyi isti münasibət diqqətindən yayınmır. Prezidentlərin Vyana görüşü və bu görüşlə bağlı Qərbin isti reaksiyası liderin münaqişəsin sülh yolu ilə həllinə tərəfdar olduğunu göstərdi.

Prezident İlham Əliyevlə erməni həmkarı Serj Sarkisyanın iki ildən sonra baş tutan Vyana görüşü demək olar ki, problemin həllinə ümidləri daha da artırdı. ATƏT-in vasitəçiliyi ilə tutan Vyana görüşündən sonra həmsədrlərin yaydığı bəyanat əvvəlkilərdən fərqli olaraq bu dəfə nikbin təsir bağışlayırdı.

Belə ki, dövlət başçılarının qarşıdakı aylarda yenidən görüşmək barədə razılığa gəlməsi danışıqların ciddi müstəvidə davam edəcəyindən xəbər verir. Bütün bunlara rəğmən münaqişənin tezliklə həll ediləcəyini demək isə çətin məsələdi.

Ermənistan Qarabağı bir şərtlə qaytara bilər

Politoloq Qabil Hüseynli hesab edir ki,Qarabağın işğaldan azad edilməsinin yeganə açarı Rusiyanın əlində olduğundan hər şey Moskvadan aslıdır. Ekspertin fikrincə, prezidentlərin görüşü, eləcə də Türkiyənin reaksiyası danışıqlarda dönüş yarada bilər:

“Zənn etmirəm ki, Qarabağ problem bu il həllini tapsın. Danışıqlar prosesi başlasa da bu problemin həlli xeyli vaxt alacaq. Problemin həllinin ləngiməsi Ermənistan tərəfinin mövqeyi ilə bağlıdır. Ermənilərin tutduğu mövqe kifayət qədər sərtdir. Onlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə heç bir güzəştə getmək istəmirlər. Buna görə də danışıqlar prosesində konsensus əldə etmək çətinləşir. Lakin bəzi güclərin Azərbaycanın yanında olduğunu deyə bilərik”-deyə ekspert şərh edib.

Ərdoğan Qarabağı azad edə bilərmi?



Qardaş Türkiyənin Qarabağ münaqişəsinin həllində sərgilədiyi aktiv siyasi fəaliyyəti xüsusi qeyd etmək yerinə düşərdi. Ankaranın 2014-cü il üçün hazırladığı siyasi prioritetlər sırasında Qarabağ ilk pillədə yer alır. Qardaş ölkə nə olursa olsun Qarabağı Ermənistandan geri almaq niyyətindədir. Əhməd Davudoğlunun Vaşinqtonda, baş nazir Rəcəb Tayyib Ərdoğanın isə Moskvada bağlı qapılar arxasında apardığı danışıqlarda Ankara israrlı mövqe nümayiş etdirdi.

Ötən ay Ərdoğan Rusiya işgüzar səfərində Putinlə bu barədə fikir mübadiləsi apararaq Sankt-Peterburqdan yeni mesajlar verdi:

“Bizim birgə atmalı olduğumuz ümumi addımlar var və apardığımız danışıqlar bizə bu məsələlərin həlli üçün platforma, baza yaratmağa imkan verdi. Mən inanıram ki, Rusiya və Türkiyənin Azərbaycan Ermənistan münaqişəsi, Suriyadakı, İraqdakı situasiyalar nöqteyi-nəzərindən regionda öhdəlikləri var”.

Görüşün təfərrüatları mətbuata dolğunluğu ilə açıqlanmasa da Ərdoğanın Putinə Qarabağın “açarını” Azərbaycana qaytarması üçün Bakının təkliflərini bildirdiyi istisna deyil.

Ankara Qarabağa yeni yol aça bilər..

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Türkiyənin bu jestinin ölkəmiz üçün faydalı olacağını düşünür. Politoloqun fikrincə, Ankara bu istiqamətdə Rusiya ilə intensiv danışıqlar aparmaq niyyətindədir.

“Danışıqlarda Ankaranın rolunu xüsusi qeyd etmək yerinə düşərdi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşiqntona gedib orada həmkarı Con Kerri ilə bu mövzunu müzakirə etməsi məsələnin ciddiliyindən xəbər verir. Türkiyə çox çalışır ki, Rusiya Ermənistana təsir etsin ki, Ermənistan Qarabağ ətrafındakı rayonları boşaltsın”.

Politoloq düşür ki, Türkiyənin bu niyyəti baş tutarsa Dağlıq Qarabağ münaqişəsinin həllində yeni qapı açıla bilər.

“Bu plan baş tutarsa Ermənistanla Azərabycan arasında kommunikasiya xəttləri açıla, qaçqınlar geri qayıda bilərlər. Eyni zamanda Türkiyə-Ermənistan münasibətləri nizamlanmağa başlaya bilər. Bu, əslində hamının xeyrinədir. Sadəcə ən böyük sual budur ki, Rusiya buna yaşıl işıq yandıracaqmı? Bütün problemlərin açarı Rusiyanın əlindədir”.

E.Şahinoğlu vurğulayıb ki, buna əsasən də deyə bilərik ki, önəmli olan Rusiyanı inandırmaqdır: “Rusiya bu istiqamətdə addım atmasa, əlbəttə Dağlıq Qarabağın həllində irəliləyiş əldə etmək çətin olacaq. Ona görə də Ərdoğan Putini inandırmağa çalışır ki, Rusiya fəallıq göstərsin və bu proses həll mərhələsinə daxil olsun. Putini inandırmaq mümkün olsa, yaxın müddətdə irəliləyiş görmək olar”.

Putin Bakını Gömrük İttifaqı ilə hədələyir

Dağlıq Qarabağ probleminin Gömrük İttifaqı ilə bağlılığına gəlincə isə politoloq bildirib ki, Rusiya bunu şərt kimi irəli sürə bilər:

“Rusiya Azərbaycana şərt irəli sürə bilər ki, Azərbaycan Gömrük İttifaqına üzv olsun. Azərbaycanın da qarşılıqlı şərti bu ola bilər ki, Rusiya Qarabağ münaqişəsini ədalətli həll edərsə, Ermənistana təzyiq edərsə, Azərbaycan Gömrük İttifaqına üzvlük düşünə bilər. Amma bu məsələdə də açar yenə Rusiyadadır. Əgər Rusiya Azərbaycanın Gömrük İttifaqına üzvlüyünü istəyirsə, Qarabağ münaqişəsini ədalətli həll etməlidir”.

Avropalı ekspertlərin proqnozları Qarabağ danışıqlarında nikbin təsir bağışlayır. Bir çox analitiklər ehtimal edirlər ki, Qarabağ münaqişəsi yaxın zamanlarda öz həllini tapa bilər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti