Səhiyyənin inkişafı ilə bağlı Azərbaycana təkliflər

  Səhiyyənin inkişafı ilə bağlı Azərbaycana təkliflər
  01 Avqust 2019    Oxunub:2326
Azərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətlərinə daxil olacaq bir sıra vacib xidmətlər ana və uşaq sağlamlığının yaxşılaşmasına, eyni zamanda xroniki xəstəliklərdən əziyyət çəkən insanlara yardım göstərilməsinə imkan verəcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab deyib.

ÜST rəsmisi hesab edir ki, Azərbaycanda vacib, təxirəsalınmaz məsələ ilkin səhiyyə xidməti göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır: "İstərdik ki, hazırda bununla bağlı gedən proseslər həm standartlara uyğun olsun, həm də Azərbaycanda müasir, dayanıqlı, bütün standartlara cavab verən səhiyyə sisteminin qurulmasına xidmət etsin. Azərbaycan artıq icbari tibbi sığorta sisteminin tətbiqinə başlayır. Bu, səhiyyə xidmətlərinə çıxışı təmin etmək üçün çox gözəl imkandır. Biz bu sistemdə çox vacib rol oynamalıyıq, çünki maliyyə imkanları məhduddur".

M.Jakob əlavə edib ki, Azərbaycanda əhali icbari tibbi sığorta sisteminə çox maraq göstərir. Onun fikrincə, təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir: "Azərbaycan üçün ən vacib və təxirəsalınmaz məsələ ilkin səhiyyə xidmətini göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır".

ÜST rəsmisi əlavə edib ki, pilot rayonlarda həyata keçirilən layihənin nəticələri yaxşıdır. Amma gələcək dövr üçün də prioritetlər müəyyən edilməlidir.

Onun sözlərinə görə, uğur əldə etmək üçün kadrlar siyasəti təkmil olmalıdır:"Ümidvaram ki, bu sahədə Azərbaycanda başladığımız islahatlar nəinki icbari tibbi sığorta baxımından, o cümlədən ilkin səhiyyə xidmətlərinin göstərilməsində mövcud olan durumu xeyli yaxşılaşdıracaq. Əlbəttə, bütün bunlar Azərbaycan əhalisinə, xalqına xidmət edəcək. Bununla da onlar daha mükımməl tibbi xidmətlərdən yararlanacaq. Eyni zamanda, səhiyyə ocaqlarındakı xidmətlərin keyfiyyəti artacaq. Lakin bütün bunlar üçün ilkin şərtlər var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə   ÜST  





Xəbər lenti