Balakəndə narkotik satan dəstə saxlanılıb
RPŞ əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri əvvəllər məhkum olunmuş Rauf İsmayılov, Ramil Qandayev, şəhər sakinləri İlham və Ramiz Mahatovlar, Zülfüqar Xəlilov və Ceyhun Namazov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Polis Şöbəsinə gətiriliblər. Onların əvvəlcədən bir qrup şəxs halında birləşərək dağlıq ərazidə çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduqları aşkar edilmiş və həmin əraziyə baxış keçirilən zaman oradan yaş vəziyyətdə 163 kq-a yaxın olan çətənə bitkiləri, həmin ərazinin kənarından 1 kq 446 qr qurudulmuş marixuana və 985 qr quru vəziyyətdə çətənə bitkisinin budaq və saplaqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Bu cinayət əməlində iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Balakən polisinin keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisindəki dağ-meşə massivində 215 ədəd çətənə bitkisi, həmin sahənin kənarında yerə qurutmaq üçün sərdikləri ümumi çəkisi 8 kq-dan artıq qurudulmamış marixuana aşkar edilib. Keçirilmiş tədbirlərlə həmin ərazidə narkotik vasitələr becərən və saxlayan şəxslərin qohumlar Elşad və Elman Hacıyevlər, Cuma Əhmədov və rayonun Gərəkli kənd sakini Məhəmməd Xanayev olduğu müəyyən edilmişdir. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Azvision.az