Azərbaycan pambıq yığımına hazırdır
Son hazırlıq işləri ilə əlaqədar olaraq, pambıq əkini sahələri yığıma hazırlanır, sahə kənarları hamarlanır, şirkətlər və “Aqrolizinq” ASC-yə məxsus pambıq yığımında və daşınmasında istifadə edilən kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.
Hazırda ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123 ədədi “Aqrolizinq” ASC-nin, 288 ədədi isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur. Cari ildə respublika üzrə 21 rayonda 100 111,7 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 240,8 hektarı hüquqi şəxslərə, 3 870,89 hektarı fiziki şəxslərə məxsusdur.
Yığım mövsümündə pambıqçılıq sahəsində ixtisaslaşmış hüquqi şəxslərə pambıq yığımını vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün regional nümayəndəliklərimizin və rayon bölmələrimizdən 123 ədəd pambıqyığan kombaynın işlərə cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, artıq pambıqçılıq rayonlarında becərmə ilə bağlı bütün proseslər başa çatdırılıb və yığıma hazırlıq prosesi gedir. İlkin olaraq, pambıqyığan kombayna məhsulun toplanacağı sahələrdə defolyasiya işlərinə başlanılıb. Belə ki, yığımdan əvvəl pambıq kollarında yarpaqlarının tökülməsi üçün defolyant vurulur, 10-12 gün sonra isə pambıqyığan kombaynlar yığıma başlayır.
Hazırda “Aqrolizinq" ASC-nin rayon bölmələrinin gübrə anbarlarında biostimulyatorlar, defolyasiyanı həyata keçirmək üçün defolyantlar dövlət tərəfindən müəyyən edilmiş 70 faiz güzəştlə pambıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə satışı həyata keçirilir.
Azvision.az
Teqlər: Pambıq