Ermənistan istehsalı məhsullar məhv edilib

Ermənistan istehsalı məhsullar məhv edilib
  12 Sentyabr 2019    Oxunub:1745
Sentyabrın 12-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, ümumilikdə, aksiz markası ilə markalanmayan müxtəlif markalı 3 milyon 867 min 640 ədəd siqaret, 24 min 733 fişəng və şənlik üçün pirotexniki vasitə, 2486 dərman preparatı, 2106 ədəd yararsız, müxtəlif markalı telefon və aksesuarları, 7846 litr alkoqollu və sərinləşdirici içki, 18 min 240 kiloqram ərzaq və qeyri-ərzaq məhsulu, 3140 kiloqram yuyucu vasitə və müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsallı, istifadəyə yararsız 209 ədəd müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.



Azvision.az



Teqlər: DGK  





Xəbər lenti