Azərbaycan-Türkiyə biznes forumu keçirilib
Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının səmərəli platforma olduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu gün Komissiyanın Bakıda keçirilmiş 8-ci iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbulu ticarət-iqtisadi münasibətlərimizin inkişafına, gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcəkdir.
İqtisadiyyat naziri ikitərəfli əməkdaşlıqda iqtisadi-ticarətin əhəmiyyətli yerini və Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, görülmüş işlər nəticəsində bu sahədə artımın davamlı xarakterini diqqətə çatdırıb.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini qeyd edib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, sahibkarlar əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələlərini müzakirə ediblər.
Azvision.az