Fond Şəkidə seminar keçirib

  20 Sentyabr 2019    Oxunub : 1124
Fond Şəkidə seminar keçirib
Mənəvi Dəyərlərin Təbliği Fondunun və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhərində Azərbaycan Respublikasının xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlının iştirakı ilə “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində seminar keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şəki ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ziyalılarımızın gənclərlə görüşünün təşkil edilməsi milli-mənəvi dəyərlərimizin təbliğinə, gənc nəslin savadlı, intellektual, əxlaqi-mənəvi dəyərlərlə zəngin şəxsiyyət kimi yetişməsinə böyük töhfə verir.

Tədbirdə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, hər bir millətin mövcudluğu və mənəvi inkişafı onun ziyalılarının nisbətindən asılıdır : "Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Tarix göstərir ki, millətin çətin anlarında onun mükəmməl milli təəssübkeşlik duyğularına malik ziyalısı millətə düzgün yol göstərib onun bu çətinlikdən xilas olmasında böyük rol oynayır. Xalqın içərisindən çıxıb ona xidmət göstərmək istəyən ziyalı üçün fəaliyyət dairəsi məhdud olmur. Əksər halda isə ziyalılar yaratdıqları zəngin mənəvi sərvətlə öz millətlərinin tarix səhnəsindən çıxarılmasının qarşısını alırlar".

Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, bu gün bizim gənclərimiz doğulduqları gündən azad və müstəqil bir dövlətin vətəndaşı olduqları üçün çox xoşbəxtdir.

"Gənc dövlət olmağımıza baxmayaraq bizim dövlətçilik tariximiz çox qədimdir. Azadlığımızın, müstəqilliyimizin rəmzi olan bayrağımızı, gerbimizi, himnimizi, dövlətçiliyimizi qorumaq hər bir azərbaycanlının borcudur. Bizim vahid milli ideologiyamız azərbaycançılıqdır. Ölkəmizdə yaşayan bütün xalqlar azərbaycanlı olduğu üçün fəxr etməli, Azərbaycanın müstəqilliyinin qorunması və dünyada tanıdılması üçün çalışmalıdır. Yalnız belə olan halda biz milli kimliyimizi qoruya, ona sahib çıxa bilərik.

Milli kimliyimizin zəngin mənəviyyata sahib olmağımızla sıx bağlı olduğunu bildirən görkəmli teatr və kino aktyoru vurğulayıb ki, biz mənəvi dəyərlərlə zəngin olan bir millət olduğumuza görə müqəddəs İslam dininin nazil olduğu ilk dövrlərdən onu rahatlıqla qəbul etdik, ona qucaq açdıq. Azərbaycan xalqının özünəməxsus, qədim tarixə malik milli kimliyi vardır ki, onun da formalaşmasında İslam dininin xüsusi rolu var. Bu kimliyi bizə Allah bəxş edib. Biz qadınlarımıza yüksək dəyər verən, onları xanım, evimizin qoruyucusu adlandıran, hər zaman onlarla məsləhətləşən, onlara söz azadlığı, tariximizin müasir dövründə seçki hüququ verən bir millətin övladlarıyıq".

Yekunda iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az

Teqlər: Seminar