“Aqrar sahədə davamlı inkişaf təmin edilib” - İnam Kərimov

“Aqrar sahədə davamlı inkişaf təmin edilib” -   İnam Kərimov
  28 Sentyabr 2019    Oxunub:3069
Göyçay rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, respublikamızın 8 rayonunda nar istehsalı ilə məşğul olan 220-yə yaxın fermer iştirak edib.

Tədbiri açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu aqrar islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən tədbirlər qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahədə davamlı inkişafa real zəmin yaradıb, son illərdə bu sahədə nəzərəçarpacaq artım qeydə alınıb. İcra hakimiyyətinin başçısı əlavə edib ki, kənd təsərrüfatı sahəsinə xüsusi diqqət fermerlərin bu sahəyə marağının daha da artmasına səbəb olub: “Son illərdə Göyçay rayonunda narçılıq inkişaf etdirilir. Rayonumuzda 1000 hektar sahədə yeni nar bağları salınıb. Respublikada tədarük olunan nar məhsulunun 20 faizi Göyçayın payına düşür. Ötən il Göyçayda 31 min 103 ton nar istehsal olunub və fermerlərimiz nar istehsalından 20 milyon manat vəsait əldə ediblər. Hər il rayonumuzda nar festivalının keçirilməsi bu gəlirli sahənin inkişafına öz töhfəsini verir”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədəki çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən narçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də aqrar sektorda artım 6 faizdən yüksək olub. Təkcə bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb ki, bu da rekord göstəricilərdən biridir”.

Azərbaycanda narçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Dövlətimizin başçısının tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb”.

Nazir qeyd edib ki, respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin, həmçinin narçılığın inkişaf etdirilməsini zərurətə çevirir: “Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi, narçılıqda da inkişaf müşahidə edilir. Hazırda narın əkin sahəsi təxminən 23 min hektara, nar istehsalı 155 min tona çatdırılıb. Bununla belə əkin sahəsinə görə əldə olunan məhsuldarlıq bizi qane edə bilməz. Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Bizim hədəfimiz isə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaqdır”.

Nazir İnam Kərimov əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq qərzəklillər daxil edilmədən intensiv meyvə bağlarına, həmçinin intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil ediləcək.

İnam Kərimov çıxışında Azərbaycanda narçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il nar mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, narçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Müşavirədə 2019-cu ildə Azərbaycanda narçılığın inkişafında oynadığı rola görə 7 fermerə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimov və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov təqdim ediblər.

Daha sonra müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev ölkədə nar yetişdirilməsində mövcud vəziyyətdən danışıb, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov isə Assosiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Göyçaylı narçı-fermer Eyvaz Səmədov isə narçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə narçılığın inkişafı, nar tingləri ilə təminat, yeni nar bağlarının salınması, mövcud ənənəvi nar bağlarının intensiv bağçılıqla tədricən əvəzlənməsi, yeni məhsuldar və keyfiyyətli sortlar üzrə tingçiliyin inkişaf etdirilməsi, narçılığın regionlar üzrə ixtisaslaşması, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi, mövcud soyuducu anbar sistemlərinin imkanlarının artırılması, ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Azvision.az


Teqlər: İnamKərimov  





Xəbər lenti