FHN itkin düşən balıqçını helikopterlə axtarır

FHN itkin düşən balıqçını helikopterlə axtarır
  11 Oktyabr 2019    Oxunub:3031
Bakı şəhərinin Pirallahı rayonunda balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

FHN-dən Azvision.az -a verilən məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.
Qeyd edək ki, oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nömrəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb.

Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və 9 oktyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gəminin bortuna götürülüblər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib. Üzmə heyətinin digər üzvü Neftçala rayonunun sakini 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.

Azvision.az


Teqlər: Xəzər   FHN  





Xəbər lenti