Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu" tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən O.Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
Sonra “KOB Dostu” mexanizmi barədə təqdimat keçirilib. Tədbir çərçivəsində, həmçinin KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx nümayiş olunub, sahibkarların bu dəstəkdən yararlanmaq üçün KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb.
Sonda sahibkarlar Şəmkir Gənclər Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.
Azvision.az
Teqlər: KOB