Bank sektorunun inkişafını nələr əngəlləyir? - Ekspert rəyi

   Bank sektorunun inkişafını nələr əngəlləyir? -    Ekspert rəyi
  18 Oktyabr 2019    Oxunub:3639
Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bir sıra mühüm mövzulara toxunub. Ölkə başçısı cari ilin 9 ayı ərzində qeydə alınan iqtisadi inkişaf və müsbət nəticələrlə yanaşı, problemlərdən də söz açıb. Prezident çıxışında bank sektorunun iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmədiyini və son illərdə yenə istehlak kreditlərinin həcmi artdığını diqqətə çatdırıb.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Azvision.az -a bildirib ki, ölkəmizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunda inkişafı əngəlləyən səbəblərdən də biri məhz budur.

Onun sözlərinə görə, banklar tərəfindən iqtisadiyyatın real sektoruna yox, daha çox istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik.

“Bankların istehlak kreditlərinə üstünlük verməsinin səbəbi orada faiz dərəcələrinin yüksək olmasıdır. Biznes kreditlərində faizlər aşağıdır. Mərkəzin Bankın bu günə uçot dərəcəsi 8 faizdir. Sahibkarlar isə yüksək faizlə kreditlər götürmürlər. Digər tərəfdən bankların ucuz pulu yoxdur. Banklar əmanətçilərdən gəlir götürürlər, o pullar da ucuz deyil. Bankların ucuz pulu olmadığı üçün sahibkarlara ucuz kredit verə bilmirlər. Bunun digər səbəbkarı Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Əslində Palata Mərkəzi Bank qarşısında vəsatət qaldırmalıdır ki, kredit versin”.



Ə.Həsənov qeyd edib ki, istehlak kreditlərini qaytarmaq banklar üçün daha rahatdır, nəinki sahibkarlardan krediti geri almaq: “Banklar üçün sahibkardan pulıu geri almaq çətindir. Bundan əlavə, bank rəhbərləri, menecerləri verdikləri kreditə görə mükafat alırlar. Nə qədər çox faizlə versələr, bir o qədər çox mükafat alırlar. Bank sektorunda böhranın səbəblərindən biri də bank menecerlərinin kimə necə gəldi kredit verməsi, daha çox bonus alması idi. Cənab Prezident buna işarət edirdi ki, istehlak kreditləri çox verilir və nəticədə böhran yaranır. 2016-ci ildə Mərkəzi Bank bonusların verilməsinə məhdudiyyət qoymuşdu. Bu ilin ortalarında Maliyyə Bazarlarına Nəzarət Palatası həmin məhdudiyyəti yumşaltdı. Bu səbəbdən istehlak kreditləri getdikcə artır”.

Ekspert, həmçinin qeyd edib ki, banklar qısa müddətdə böyük gəlirlər götürmək üçün istehlakçılara kreditlər verir: “Bu, uzun müddətli prespektiv üçün pis yoldur, çünki real iqtisadiyyata kredit verilmirsə, o zaman istehlakçıların gəlirləri azalır və onlar aldıqları krediti qaytara bilmirlər. Nəticədə bank böhranı yetişir”.

Ə.Həsənovun sözlərinə görə, müvafiq orqanlar Prezidentin müşavirədəki çıxışından nəticə çıxarmalıdır: “Bank sektoru ilə bağlı qanunvericlik təkmilləşdirilməli, Bank Məcəlləsi hazırlanmalıdır. Bundan əlavə, bank sektoruna rəhbərlik edən qurumlarda kadr dəyişikliyi edilməli, hüquq-mühafizə orqanları bütün banklarda yoxlama aparmalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bank   Kredit  





Xəbər lenti