8 ayda xarici ticarət dövriyyəsi 22,3 milyard dollar olub

   8 ayda xarici ticarət dövriyyəsi 22,3 milyard dollar olub
  18 Oktyabr 2019    Oxunub:1661
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 22 milyard 340,7 milyon ABŞ dolları olub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixracın dəyəri 12 milyard 958,8 milyon dollar, idxalın dəyəri isə 9 milyard 381,9 milyon dollar təşkil edib, nəticədə 3 milyard 576,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,1 faiz, real ifadədə isə 3,2 faiz, o cümlədən idxal 8 faiz, ixrac 0,8 faiz artıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsveçrə, Almaniya, İsrail, Hindistan, Fransa, ABŞ, İspaniya, Ukrayna, Kanada, Birləşmiş Krallıq, Çexiya, Gürcüstan, İran, Avstraliya və Portuqaliya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiyanın, 12,7 faizi İsveçrənin, 10,4 faizi Türkiyənin, 9,1 faizi Çinin, 6,3 faizi ABŞ-ın, 5 faizi Almaniyanın, 4,2 faizi Kanadanın, 3,6 faizi İranın, 3,2 faizi Ukraynanın, 3,1 faizi Avstraliyanın, 2,6 faizi İtaliyanın, 2 faizi Fransanın, 1,7 faizi Birləşmiş Krallığın, 1,6 faizi Qazaxıstanın, hər biri 1,4 faiz olmaqla Türkmənistan və Yaponiyanın, 1,3 faizi Belarusun, 1,1 faizi Koreyanın, 14,7 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, nəqliyyat vasitələri və onların hissələri, qara metallar və onlardan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, tütün məmulatları, mebel və onun hissələrinin dəyəri üstünlük təşkil edib.

İdxalın 44,9 faizini avtomobil, 31 faizini hava, 16,1 faizini dəmir yolu, 5,5 faizini dəniz nəqliyyatı ilə gətirilib, 2,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri olub.

Azvision.az


Teqlər: Statistika   İdxal  





Xəbər lenti