887 sahibkara güzəştli kredit verilib

887 sahibkara güzəştli kredit verilib
  21 Oktyabr 2019    Oxunub:1409
Bu ilin 9 ayında Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında deyib.

Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 3800-dək yeni iş yerinin açılmasına imkan yaratdığını deyən nazir qeyd edib ki, güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür. Bu müddətdə fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.

Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 milyon manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 milyon güzəştli kredit ayrılıb.

Bu isə ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Belə ki, 2018-ci ildə 177,4 milyon dollar dəyərində 172 min ton pomidor, 325,6 milyon dollar dəyərində 319,2 min ton meyvə ixrac olunub. Bu da göstərilən sahəyə güzəştli kreditlərin verilməsinə başlanan illərlə müqayisədə pomidor ixracının 4,3 dəfə (dəyər ifadəsində 9,9 dəfə), meyvə ixracının 70 faiz (dəyər ifadəsində 2,9 dəfə) artması deməkdir.

Azvision.az


Teqlər: Kredit  





Xəbər lenti