AzTU-nun tələbə-müəllim heyəti Quba Soyqırımı abidəsini ziyarət etdi

AzTU-nun tələbə-müəllim heyəti Quba Soyqırımı abidəsini ziyarət etdi
  29 Oktyabr 2019    Oxunub:2207
Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim-tələbə heyəti oktyabrın 27-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. AzTU-nun rektoru, professor Vilayət Vəliyevin başçılığı ilə ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar və kütləvi məzarlıq üzərinə tər çiçəklər düzüblər.
Ziyarətçilərə Kompleksdə 1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat verilib, tarixi sənədlər və faktlarla tanışlıq imkanı yaradılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan, XXI əsrin memarlıq üslubunda inşa olunan Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciə zamanı bolşevik-erməni silahlı dəstələri tərəfindən Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb.

1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın əyani sübutudur.


Teqlər: ATU  





Xəbər lenti