ABŞ-ın maliyyə təşkilatları ilə təcrübə mübadiləsi aparılıb

ABŞ-ın maliyyə təşkilatları ilə təcrübə mübadiləsi aparılıb
  01 Noyabr 2019    Oxunub:1842
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nümayəndə heyəti ABŞ-ın Dövlət Departamenti tərəfindən həyata keçirilən Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (International Visitor Leadership Program) iştirakçısı olub.
Palatanın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, proqramın məqsədi digər ölkələrdən olan və həmin ölkənin siyasi, iqtisadi, sosial həyatında rolu olan peşəkarların ABŞ-la tanışlığı və tərəflərarası əlaqələrin inkişaf etdirilməsidir. Proqram çərçivəsində nümayəndə heyəti Vaşinqton, Şarlotta və Çikaqo şəhərlərində səfərdə olub və Əmanətlərin Sığortalanması üzrə Federal Qurum, Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası, Milli Kredit İttifaqları Administrasiyası, Maliyyə Sektoruna Nəzarət Palatası və digər təşkilatların nümayəndələri ilə görüşüb. Görüşlərdə nəzarət qurumlarının rəsmilərinə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafına hədəflənmiş iqtisadi islahatlardan, milli iqtisadiyyatın əsas sektorları üzrə qəbul olunmuş Strateji Yol xəritələrindən, qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalar, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə yaradılan dövlət strukturları, maliyyə bazarlarındakı müsbət dinamika, nüfuzlu reytinq agentliklərinin Azərbaycanın maliyyə sektoru barədə qiymətləndirmələri və digər müsbət trendlər barədə məlumat verilib.

Qarşı tərəfin rəsmiləri Azərbaycanın sosial-inkişafında izlənən dinamikanı müsbət qiymətləndiriblər.

Palatanın əməkdaşları ABŞ-ın federal idarəetmə sisteminə uyğun olaraq formalaşmış nəzarət sxemi ilə yaxından tanış olub, kredit təşkilatlarına nəzarət, risk əsaslı nəzarətə keçid kimi mövzularda qarşılıqlı fikir mübadiləsi aparıb, ABŞ və Azərbaycanda maliyyə bazarlarına nəzarət üzrə oxşar və fərqli cəhətlər müzakirə edilib. Bundan əlavə, səfər çərçivəsində ABŞ-da aktivlərin həcminə görə TOP 5 bankı arasında yer alan “Bank of America” və “Wells Fargo”nun nümayəndələri ilə görüşlər keçirilib, bank fəaliyyətinin müasir konsepsiyaları və ABŞ-ın maliyyə nəzarəti mexanizmi nəzarət subyektlərinin perspektivindən danışılıb, həmçinin islam bankçılığı sahəsində fəaliyyət göstərən banklarla da görüşlər baş tutub.

Nümayəndə heyətinin üzvlərindən informasiya texnologiyaları üzrə mütəxəssislər ABŞ-ın maliyyə nəzarətində istifadə olunan müasir texnologiyalarla tanış olub, bu sahədə ixtisaslaşmış maliyyə təşkilatlarını belə xidmətlə təmin edən təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər.

Azvision.az


Teqlər: Palata  





Xəbər lenti