Fransadan gətirilən arpa və buğda sortları əkilib

Fransadan gətirilən arpa və buğda sortları əkilib
  08 Noyabr 2019    Oxunub:2372
Xaçmazda Fransadan gətirilən arpa və buğda sortları əkilib.
Azvision.az xəbər verir ki, yüksək məhsuldarlıq və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortların səpini ilkin olaraq 100 hektar sahədə həyata keçirilib.

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində aparılan səpin zamanı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin, həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən fermerlərə yeni taxıl sortları barədə ətraflı məlumat verib, əkin texnologiyası nümayiş etdirilib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, hazırda kənd təsərrüfatında dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi ilə bağlı pilot layihələr həyata keçirir.

Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında Xaçmaz rayonunda yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini həyata keçirilib. Burada əsas məqsəd yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.

Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60 sentnerdən yuxarıdır. Sınaqdan keçirilən yeni arpa sortu isə pivə istehsalı üçün daha faydalıdır.

“Hazırda səpin aparılır. Səpin zamanı şumaltı mineral gübrələrdən istifadə olunur. Yeni sortların səpin normativləri də yerli sortlardan fərqlənir. Ənənəvi sortlarda bir hektara 200-250 kiloqram buğda səpilirdisə, fransız sortlarında bu göstərici 180 kiloqramdır. Bu da fermerlərə əkin materialına 50-70 kiloqram arası qənaət etməyə imkan verir”, - deyə İmran Cümşüdov bildirib.

Sınaq əkini zamanı fermerlərin diqqətinə çatdırılıb ki, taxılçılıq Azərbaycanda strateji sahədir. Bu sahənin inkişafı üçün mövcud torpaq resurslarından səmərəli istifadə edilməlidir. Növbəli əkin sisteminə əməl olunmaqla və yeni texnologiyaların tətbiqi ilə hər hektara görə məhsuldarlığı artırmaq qarşıya qoyulan əsas hədəflərdəndir.

Azvision.az



Teqlər: Toxum  





Xəbər lenti