“Biz bir yerdə işləməyə davam edəcəyik” - Mikayıl Cabbarov

“Biz bir yerdə işləməyə davam edəcəyik” -    Mikayıl Cabbarov
  12 Noyabr 2019    Oxunub:2988
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyinin təşkil etdiyi Ticarət Məclisi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platformalardan biridir.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında keçirilən 4-cü Ticarət Məclisində deyib.

Nazir bildirib ki, noyabrın 13-də Bakıda keçiriləcək Azərbaycan-BƏƏ hökumətlərarası komissiyanın 7-ci iclası qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün səmərəli mexanizmdir. Onun sözlərinə görə, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yeni yolların araşdırılması komissiyanın gündəliyinə daxil olan əsas məsələdir.

Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər qurulduğunu, hər iki ölkənin şirkətlərinin qarşılıqlı işgüzar fəaliyyət və tərəfdaşlıq münasibətlərində fəal iştirak etdiyini diqqətə çatdıran nazir bundan sonra daha çox iş görülə biləcəyini vurğulayıb.



Dubayda Azərbaycan Ticarət evinin açıldığını xatırladan M.Cabbarov Azərbaycan-BƏƏ əməkdaşlığının iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə sənaye, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, turizm, innovasiya, təhsil və mədəni sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Nazir, həmçinin Azərbaycanın investisiya mühiti, biznes üçün yaradılan şərait, logistika mərkəzləri, sənaye zonaları, investisiya təşviqi mexanizmi barədə ətraflı məlumat verib, ölkəmizdə sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

"Azərbaycan BƏƏ-yə 350 milyon dollar, BƏƏ isə Azərbaycana iki milyard dollar investisiya qoyub ki, bunun 900 milyon dolları qeyri-neft sənayesinə aiddir. Biz bir yerdə işləməyə davam edəcəyik", - deyə nazir bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mikayıl-Cabbarov   BƏƏ   Nazir  





Xəbər lenti