Hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur

Hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur
  18 Noyabr 2019    Oxunub:2620
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr edilən tədbir keçirilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, “Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil” şüarı ilə keçirilən tədbirdə çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününün yaranması tarixindən və zəruriliyindən söz açıb. O, bildirib ki, həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Bu günün qeyd olunmasında məqsəd vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

S.Hadıyev ölkədə aparılan səhiyyə siyasətinin prioritet istiqamətlərindən birinin ana və uşaqların sağlamlığının qorunması olduğunu deyib. O, klinikanın neonatoloqlarının erkən doğulmuş uşaqların həyatda qalması üçün apardığı mübarizədən danışıb. Klinikanın direktoru erkən doğuşun qarşısını almaq üçün tədbirlər görüldüyünü də qeyd edib.

Səhiyyə Nazirliyinin baş neonatoloqu, Respublika Neonatoloqlar Cəmiyyətinin sədri, professor Rüstəm Hüseynov bildirib ki, Beynəlxalq Vaxtından əvvəl Doğulmuşlar Günü Azərbaycanda dörd ildir ki, keçirilir. Baş neonatoloq ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini bildirib. Neonatologiya sahəsində ciddi irəliləyişlərin olduğunu deyən R.Hüsyenov Səhiyyə Nazirliyinin ölkəmizdəki xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün kifayət qədər yardım etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tibb müəssisələrinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb, kadr potensialı artırılıb.

Klinikanın baş həkimi, uşaq cərrahı, professor Ramiz Poluxov rəhbərlik etdiyi klinikanın fəaliyyəti, burada xəstələrin müayinə və müalicəsi üçün yaradılmış şəraitdən söz açıb. O, qeyd edib ki, hazırda Azərbaycanın ən böyük və müasir klinikalarından biri sayılan Tədris Cərrahiyyə Klinikasında 120 professor, 240-a yaxın tibb üzrə fəlsəfə doktoru və peşəkarlardan ibarət güclü komanda çalışır. Onlar bütün xəstələrin, xüsusilə də uşaqların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəmirlər.

Səhiyyə Nazirliyinin neonatologiya üzrə kuratoru Nərgiz Şərifova bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, təmsil etdiyi qurum tərəfindən neonatologiyanın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.

Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bu tədbiri vaxtından əvvəl doğulmuş uşaqların xüsusi diqqətlə müalicə olunması üçün bütün neonatoloqlara çağırış kimi qiymətləndirib.

A.Rüstəmxanlı Azərbaycanda diri doğulma meyarları haqqında məlumat verib. O, qeyd edib ki, hazırda hamiləliyin 22-ci həftəsindən etibarən doğulan və həyat elementləri olan, çəkisi 500 qramdan çox olan uşaq diri doğulmuş sayılır: “Dünyada həmin uşaqların yaşaması üçün mütəxəssislər var qüvvələri ilə çalışırlar. Bununla bağlı ölkəmizdə də bir çox tədbirlər görülüb. Neonatoloqların təlimatlandırılması, müxtəlif konfransların, tədbirlərin, treninqlərin keçirilməsi bu sahəyə xeyli töhfə verib”.

Daha sonra vaxtından əvvəl doğulmuş körpələrin valideynləri övladlarının doğulduğu gün keçirdikləri hisləri, yaşadıqlarını bölüşüblər. Tədbirdə vaxtından əvvəl doğulmuş uşaqlara klinikanın neonatologiya şöbəsi tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, noyabrın 17-i dünyada Vaxtından Əvvəl Doğulmuşlar Günü qeyd edilir. Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Təcrübələr göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.

Azvision.az


Teqlər: Uşaq   Səhiyyə  





Xəbər lenti