AQTA un məmulatlarının istehsalı müəssisəsini yoxladı

  25 Noyabr 2019    Oxunub : 917
AQTA un məmulatlarının istehsalı müəssisəsini yoxladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəhimov Zaur Kərim oğluna məxsus unlu qənnadı və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı aşkar olunub.

Müəssisədə işçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri, habelə geyimlərinin dəyişdirilməsi üçün sahə ayrılmayıb, bu proseslər bilavasitə anbarda həyata keçirilir. Həmçinin anbar sahəsində döşəmə divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddəti bitdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Müəssisənin mağaza hissəsində isə deratizasiya və dezinseksiya tədbirlərinin vaxtı-vaxtında həyata keçirilmədiyi aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Azvision.az

Teqlər: AQTA