“Günahlarımı saysam, məni güllələyərlər”- Aqil Abbas

“Günahlarımı saysam, məni güllələyərlər”- Aqil Abbas
  16 Dekabr 2013    Oxunub:2196
İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur .

Heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur. İllər ötdükcə isə edə bilmədiklərimiz “KAŞKİ...”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...

Beləliklə AzVision.az -ın “NƏYİ DƏYİŞƏRDİN?” rubrikasının budəfəki, həmsöhbəti yazıçı, millət vəkili Aqil Abbasdır. Həyatında heçnəyi dəyişmək istəməyən millət vəkilini ən çox peşman edən onun günahlarıdır.

“Rəssam olmaq istəyirdim, alınmadı...”

Həyatda dəyişmək istədiyim heçnə yoxdur. Heçnəyi dəyişə bilməzdim, çünki bu, mənim qüdrətimdə olsaydı, vaxtında dəyişərdim. Bizim hamımızı Tanrı idarə edir. Tanrı deyir ki, nəyi etmək olar, nəyi yox. Biz gedirik, bəzən də yolumuzdan azıb çıxırıq. Nəyisə dəyişə bilmək iqtidarında olsaydım, rəssam olardım, amma yazıçı oldum, fikirlərimi rənglə yox, sözlə çəkdim. Çünki o vaxt orta məktəbi bitirəndə Azərbaycanda rəssamlıq məktəbi yox idi, Rəssamlıq Akademiyası Leninqradda və Gürcüstanda idi. Mən də rus bölməsini qurtarsam da, rus dilini bilmirdim. Rəssamlığa qəbul olmaq üçün Leninqrada getməli idim, amma getdim ədəbiyyata, fikirlərimi sözlə çəkmək istədim. Şəkillər çox çəkmişəm, dost-tanışa bağışlamışam.

Biləsiniz ki, mən gözəl rəssamam. Düzdür, rəssamlıq etmirəm, amma kimsə istəyirsə, gəlsin mən ona rəssam olduğumu sübut edim.

“Bilsəydim səhvlər edəcəm, yenə də dünyaya gələrdim”

Ömər Xəyyam deyir ki, bilsəydim belə səhvlər edəcəm, dünyaya gəlməzdim, Xəyyamın bu fikrini qəbul etmirəm, bilsəydim səhvlər edəcəm, yenə də dünyaya gələrdim. Həyatı mənə Tanrı verib, onunla da gedirəm. Nələrisə dəyişsəydim, bəlkə səhv edərdim. Tanrının işinə qarışmamışam. Dəyişsəydim “Dolu”nu, “Allahı qatil edənləri” “Dünyanın ən xoşbəxt adamı” nı yaza bilməzdim. Niyə dəyişməliyəm axı? Bütün səhvlərimlə, günahlarımla bu dünyaya gəlmişəm, bu dünyadan gedəcəm bir gün, nə vaxt gedəcəm, bilmirəm. 10 ildən, ya 20 ildən sonra onu bilmirəm. 20 il artıq çox oldu...

“Bu yaşımdan sonra 20 il yaşamaq, axmaqlıqdır mənim üçün”



İnsan əgər yaşayırsa, özü-özünə qulluq edə bilmirsə, özü-özünün həyatını qura bilmirsə, nəvəsi, gəlini ayağını yuyursa, hamı deyir ki, bu nə vaxt öləcək, canımız qurtarardı. Bundan böyük faciə yoxdur. İndı 60 yaşım var, amma 70 yaşımdan sonra mənim ayağımı özüm yuya bilməyəcəmsə, ondan sonra neynirəm yaşayım? İnsan o vaxta qədər yaşamalıdır ki, özü-özünə qulluq edə bilir. Sənin ki yataqda ağzına kimsə zorla yemək tökəcək, ondansa 10 dəfə ölmək yaxşıdır.

“Günahlarımı desəm Azərbaycan xalqı mənə nifrət edər”

Təbii ki, peşmanlıqlarım çoxdur, günahlarımı saysam məni güllələyərlər. Ən böyük peşmanlığım özümdən asılı olmadan etdiyim günahdır. 1990-1993-cü illərdə günahlarım çox olub. Günahlarımı desəm, məni biabır edərsiniz. O qədər günahım var ki, desəm Azərbaycan xalqı mənə nifrət edir. Günahlarımı başa düşürəm. Amma hamısın demək olmaz. Etdiyim günahlarıma görə qətiyyən özümü bağışlamıram. Kim desə ki, günahım yoxdur, o, ya xəstədir, ya da ki axmaq.

Nihadə Eyyubova

Qalereya




Teqlər:  





Xəbər lenti