Satıcı dostu ilə işlədiyi köşkə basqın edib

  29 Noyabr 2019    Oxunub : 1172
Satıcı dostu ilə işlədiyi köşkə basqın edib
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki köşklərdən birinə basqın edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, maskalı naməlum şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gəlib, mobil operatorlara məxsus 800 manat və 1000 manat dəyərində danışıq kartları ələ keçiriblər. Faktla bağlı məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı Bakı Şəhər Baş Polis, Sabunçu Rayon Polis idarələrinin və 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkarlanaraq maddi sübut kimi götürülüb.

A.Ağamalıyev əvvəllər həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: DİN