Rafiq Hüseynov: `Heç nəyə görə peşman deyiləm`

Rafiq Hüseynov: `Heç nəyə görə peşman deyiləm`
  16 Dekabr 2013    Oxunub:1610
Azərbaycan dövlət televiziyasının diktoru, xalq artisti, Dövlət mükafatı laureatı Rafiq Hüseynli ağ ciyər xərçəngi diaqnozu ilə Türkiyənin Florence Nightingale xəstəxanasına yerləşdirilib.
O bir neçə gün əvvəl əməliyyat olunub. Ağ ciyərinin üzərindəki şişi götürülən diktorun əməliyyat zamanı səhhətində başqa problemi üzə çıxıb. Əməliyyatdan sonra durumu sabit olsa da səs tellərində problem yaranan diktor, jurnalist Məhsəti Şərifin suallarını cavablandırıb.


- Rafiq müəllim, əməliyyatdan sonra özünüzü necə hiss edirsiniz?

- 4 saat əməliyyat çəkdi. Ağ ciyərin üstündəki şişi götürdülər. Amma bronxlarımda problem yarandı və orada da əməliyyat etdilər. Əməliyyatdan sonra yaxşı idim. Artıq gəzməyə başlamışdım. Amma birdən vəziyyətim pisləşdi. Özümü çox pis hiss etdim. Gördüyünüz kimi səsim batıb, danışanda əziyyət çəkirəm. Ağ ciyərimin yarısı yoxdu, belə olması normaldı. Bədənim bu prosesə alışmalıdır. Amma əməliyyatdan sonra düzü yaşamağa ümidim bir az artıb. Ondan əvvəl heç inanmırdım ki, bu əməliyyat uğurlu olacaq və mən sağalacam. Amma indi daha inamlıyam. Mən bu xəstəliklə sonacan mübarizə aparacam və buna güc gələcəyimə inanıram.

- Həkimləriniz nə deyir?

- Həkimlər deyir ki, əməliyyat çox risqli idi. Yəni ya bu əməliyyat uğurlu olacaqdı, ya da heç bir nəticə əldə edə bilməyəcəkdik. Onlar əvvəldən mənə dedilər ki, bu böyük bir risqdi. Amma mən razılaşdım. Çünki risqin bir tərəfində də sağalmaq var idi. Ona görə mən risqi seçdim. Çox şükür ki, peşman olmadım, əməliyyat uğurlu keçdi. Həkimlərim də çox yaxşı oldu, onlar da çox incəliklə və diqqətlə yanaşdılar. Yəni əməliyyatdan öncə yüz ölçüb, bir biçdilər.

- Bu xəstəlikdən əvvəl özünüzü heç rahatsız hiss edirdiniz? Yəni haranızsa ağrıyırdımı? Bir də görürsən, bir yerin ağrıyır amma fikir vermirsən və nəticə ağır sonuclanır.

- Yox, inanın ki, özümü çox rahat hiss edirdim. Heç bir xəstəliyim olmayıb indiyədək. Bu xəstəlik qəfil yaxaladı məni. Nə edə bilərik, qismət belə oldu. Demək mən bu ağır xəstəliyi yaşamalıydım. Qismətimizə nə yazılıb, o da olacaq.

- Mətbuatı oxuya bilirsizmi? Sizin xəstəliyniz, əməliyyatınız daima izlənir. Hər an sizdən xəbər bilmək istəyirlər.

- Mən oxuya bilmirəm, amma həyat yoldaşım Səbinə oxuyur və mənə deyir. Mənimlə çox maraqlanırlar. Bu məni çox şad edir. İnsan belə anda sevildiyini bilir və bundan müsbət enerji alır. Demək Rafiq Hüseynlini sevən var. Mənə həm jurnalistlər, həm tanıdıqlarım, tanımadıqlarım belə çox zəng edir. Hər kəs necə olduğumla maraqlanır. Məni həyatda tutan da elə budur. Mənim bu insanlara görə yaşamaq ümüdüm artır. İstəyirəm ki, sağalım mənə diqqət edən insanlara, xalqıma təşəkkür edim. Mən də onlara görə nəsə edim. Çünki dar anımda hər kəs yanımda oldu. Məndən dualarını əksik etmədilər.

- Xəstəxanadan nə zaman çıxacaqsınız?

- Həkimlər sabah çıxaracaqlar. Amma həftə sonuna qədər İstanbuldayıq. Çünki zəifəm hələ ki təyyarəyə minə bilmərəm. Amma başqa problem çıxmazsa həftə sonu Bakıya qayıtmagı düşünürük.

- Əgər sizi yormuruqsa, bir az da başqa mövzulardan danışaq.

- Gücüm çatana qədər cavablayaram.

- Memuar yazmağa başlamısınız. Niyə yarım saxlamısınız?

- Başladım bir xeyli də yazdım. Amma sonra gördüm ki, özümü tərifəməyə başlamışam. Ona görə fikirləşdim ki, doğru olmaz yazmaq. Qoy kimsə məni tərifləsin. Əslində həqiqəti yazırdım, heç nəyi şişirtməmişdim. Amma təvəzökarlıqdan uzaq alınırdı.

- Demək arxaya dönüb baxanda həyatınızdan razısınız. Yanlışınız və peşmançılıgınız yoxdu.

- Yanlışı olmayan insan yoxdu. Hər kəs yaşadığı illərdə müyyən səhvlərə yol verib. Amma heç nəyə görə peşman deyiləm. Yaxşı və pis günlərlə, doğru və səhvlə bu həyat mənimdi. Onu mən yaşamışam və heç nəyə görə peşman deyiləm.

- 15 il əvvəl televiziyanı tərk etdiniz və geri dönmədiniz. Səbəb nə idi?

- Mən siyası proseslərin dəyişildiyi vaxtda tərk etdim dövlət televiziyasını. Simamı itirmək istəmədim. Çünki o vaxt siyasi oyunlar gedirdi. O vaxt diktor kimi məndən istifadə etmək istəyirdilər. Mənim dilimlə yalan danışmaq istəyirdilər. Mənsə Rafiq Hüseynli kimi qalmaq istədim. Bəlkə də ona görədir ki, bu gün mənə görə insanlar dua edir, məni sevirlər. O zaman televiziyada qalsaydım bu gün çox az insanın qəlbində olardım. 15 ildi bu sahədən getmişəm, amma hələdə məni sevirlər.

- Amma bir anlamda da televiziya ilə əlaqələriniz olub. Aparıcı-diktor kimi tələbələr hazırlamısınız. Öz dəsti xəttinizi öyrədirdiniz. Yəni yeni Rafiq Hüseynlilər...

- Düzdü tələbələrim var, mən onları hazırladım. Amma o bir deyim var “əvəzedilməz insan yoxdur” – onunla razılaşmıram. Məsələn Raqfiq Hüseynli sabah bu dünyada olmasa ikinci Rafiq Hüseynli olacaqmı? Hər kəsdən birdənədir. Mən dahi deyiləm, məndən yaxşıları olacaq. Mənim kimi olmalarına gərək yoxdu ki... Tələbələrimə də deyirəm heç kimə bənzəməyə çalışmayın, özünüz olun, öz dəsti-xəttiniz olsun. Birini təqlid etsələr, ugur qazana bilməyəcəklər.

- Xalq artisti, dövlət mükafatı laureatı, kino redaktoru və s. Bu qədər titulun çiyinlərinizdə ağırlığı çox olar?

- Bilirsiniz, o vaxt biz əməkdar artist, xalq artisti adını alanda bilmirdik. Bir də görürdük zənn etdilər ki, filan mükafata layiq görülmüsünüz. İndiki kimi mükafat üstə mübarizə yoxdu. Heç kim dava-dalaş salmırdı o vaxt. Hər şey daha səmimi və təbii idi. İndi çox şey dəyişib. Ona görə indi müxtəlif yollarla mükafat alanların çiyinləri ağırlığa davam gətirmir. Mən işləmişəm və doğurdan da, özüm istəmədən bu mükafatları almışam. Ən əsası bilirsiniz nədi? Bu gün siz gəlib mənim halımı soruşursunuz. İnsanlar mənimlə maraqlanır. Budur mükafat.

- Eyni zamanda kino redaktorusunuz. Bir də indiki kinoların vəziyyətindən razısınız?

- Ümumiyyətlə redaktorluğu çox sevirəm. Bu işi zövq alaraq görmüşəm. İki kino redaktə etmişəm. İndi kino bir az inkişaf edir. Kino çəkimləri üçün pul ayrılıb. Amma mən nə deyim, necə olduğunu siz də bilirsiniz. Kino mütəxəssisi olmadığıma görə çox danışmaq istəmirəm.

- Əldə etdikləriniz sizi qane edirmi?

- Qane edir. Çünki bu gün siz və başqaları mənimlə maraqlanırlarsa, demək ki, çox şey əldə etmişəm. Məndən həmişə soruşurlar ki, niyə unudulmamısınız. Cavabım bu olub: mən hər kəslə səmimi olmuşam.

- 1946-cı ildə Şuşada doğulmusunuz. Nə qədər yaşamısınız Şuşada?

- Cəmi 40 gün. Mənim atam Şuşalı, aman Maştağalı idi. Hər yay Şuşaya istirahətə gedirdilər. Avqust ayında orada dünyaya gəlmişəm. 40-ım çıxandan sonra Bakıya qayıtmışıq. Amma ondan sonra biz hər yay Şuşada olmuşuq. Oradan gözəl hara getmək olardı. Mənim əmilərim, bibilərim, nənəm, babam orada yaşayıdı. Bütün qohumlarımın evi var idi. Gedib yayı orada qalırdıq. İndi təəssüf ki, ondan məhrum qalmışıq. Buna çox üzülürəm. Həmişə düşünürəm ki, Şuşa işğaldan azad olsa, gedib atamın oradakı məzarını ziyarət edərdim. Tək atamın da deyil, orada olan bütün doğmalarımın. Allah bu xəstəlikdən sonra mənə oranı görməyə zaman versə, ilk işim məzarlığa getmək olacaq.(BBC azeri)


Teqlər:  





Xəbər lenti