Piyadanı öldürüb qaçan 25 yaşlı sürücü tapıldı

Piyadanı öldürüb qaçan 25 yaşlı sürücü tapıldı
  18 Dekabr 2019    Oxunub:2886
Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Şəmkir rayon Polis Şöbəsi və rayon Prokurorluğundan Azvision.az -a verilən birgə məlumatda qeyd olunur ki, dekabrın 14-də, saat 07 radələrində Bakı-Qazax yolunun Şəmkir şəhər ərazisindən keçən hissəsində naməlum sürücünün idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada, 1964-cü il təvəllüdlü Şıxməmmədov Telman Firuddin oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-2106” markalı 32-BA-308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1994-cü il təvəllüdlü Mustafayev İsmət Şükür oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İsmət Mustafayev dekabrın 18-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq   DİN   Qəza  





Xəbər lenti