Qazaxda dələduzluq edənlər tutuldu - FOTOLAR

  23 Dekabr 2019    Oxunub : 1880
 Qazaxda dələduzluq edənlər tutuldu - FOTOLAR
Qazax sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, iki nəfər naməlum şəxsin onun mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat pulunu mənimsədiyini bildirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, Ağstafa rayon sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev saxlanılıb.



Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslərdən Hüseyn Nuriyev əvvəlcədən hazırlanan plan əsasında əlində bir neçə qaşıq dəsti ilə mağazaya daxil olub. Müəyyən müddət sonra isə Məzahir Mirzəyev gələrək “tanımadığı” H. Nuriyevin əlindəki qaşıqları qədimi olduğu üçün almaq istədiyini bildirib. Müəyyən “razılaşma”dan sonra o, mağaza satıcısından 250 manat borc alaraq H. Nuriyevə verib, qaşıqları isə mağazada girov qoyaraq geri qayıdacağını bildirib.



Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində digər bir mağaza satıcısını da eyni üsulla aldadaraq 150 manat pulunu mənimsəyiblər.



Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN