Mingəçevirdə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

  26 Dekabr 2019    Oxunub : 1382
Mingəçevirdə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Qurumdan Azvision.az -a verilən məlumata görə, AQTA əməkdaşları Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsi, Əşya bazarı ərazisi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ömərov Nəsimi Rövşən oğluna məxsus un məmulatları istehsalı sexində reyd keçiriblər.



Reyd zamanı müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Yoxlama zamanı istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim olunmayıb.



Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.



AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Azvision.az

Teqlər: AQTA