Həbsxanaya heroin və telefon keçirənlər saxlanıldı

  10 Yanvar 2020    Oxunub : 1775
Həbsxanaya heroin və telefon keçirənlər saxlanıldı
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 6 və 8 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3; 68.1; 68.1.1-1; 67.1 və 93.1.2-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əhmədov Vahid Eləşən oğluna qardaşı Ağccabədi rayon sakini Əhmədov İdris elşən oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın daxilində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 0,374 qram psixotrop maddə - metamfetamin, 0,541 qram narkotik maddə - tiryək və 0,341 qram narkotik maddə - heroin aşkar edilib.

Bundan başqa Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinə əsasən 18 il 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Kazımov Amin Rahim oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Ağccabədi rayon sakini Kazımov Samir Rasim oğlunun gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman ayaqqabısının daban hissələrində xüsusi üsulla gizlədilmiş 1 ədəd Samsung markalı mobil telefon aparatı və daxilində danışıq kartı olan 1 ədəd Bright Quick markalı mobil telefon aparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Həbsxana