Qaz sayğaclarını oğurlayanlara 3 il həbs verildi

Qaz sayğaclarını oğurlayanlara 3 il həbs verildi
  10 Yanvar 2020    Oxunub:3310
İki nəfər sayğac oğrusuna Bakı şəhərinin Xəzər Rayon Məhkəməsində hökm oxunub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, Nəsimi və Suraxanı rayon sakinləri - Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar əlbir olaraq əmlakı gizli talayaraq “Azəriqaz” İstehsalat Birliyinə maddi ziyanın vurulmasında günahlandırılıblar.

Belə ki, adları çəkilən şəxslər müxtəlif vaxtlarda - 2018-2019-cu illərdə Xəzər rayonunun Qala, Şüvəlan və Türkan qəsəbələrində ayrı-ayrı ünvanlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə quraşdırılmış 93 ədəd qaz sayğacını oğurlayıblar. Məhkəmədə Birliyin maraqlarının müdafiəsini təmin edən Hüquq Departamenti sayğac oğrularının törətdikləri əməlləri faktlarla sübuta yetirib.

Məhkəmənin hökmü ilə Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Bununla da Azərbaycan Respublikasının məhkəmə təcrübəsində ilk dəfə olaraq qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittihamedici hökm çıxarılıb.

“Azəriqaz” İstehsalat Birliyi bəyan edir ki, bu cür əməllərə meyl göstərən insanlar nə qədər ki, gec deyil pis niyyətlərindən əl çəksinlər. Əks təqdirdə, sayğac oğurlamaq, sayğaca müdaxilə və qaz xətlərinə kənar qoşulmaqla təbii qazın talanmasına yol verən şəxslər bu əməllərinə görə gec-tez qanun qarşısında cavab verməli olacaqlar.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti