Milli Məclisin ilk iclası necə keçiriləcək? - Prosedur qaydaları
Azvision.az xəbər verir ki, Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir. Nizamnamənin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparmalıdır.
İclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlara döş nişanlarını və vəsiqələri təqdim edəcək.
Bundan başqa, iclasda Milli Məclisin sədri, onun birinci müavini, iki müavini, parlament komitələrinin sədrləri, onların müavinləri, İntizam Komissiyasının sədri və tərkibi, Hesablayıcı Komissiyanın sədri və tərkibi seçiləcək. İclasın vaxtı hələlik dəqiqləşməyib, bir həftdə ərzində baş tutacağı gözlənilir.
Qeyd edək ki, ötən gün Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib. Bununla da parlamentin yeni tərkibi müəyyənləşib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bu dairələr üzrə təkrar seçki keçiriləcək. Parlamentin yeni tərkibdə keçiriləcək ilk iclasında 121 deputat iştirak edəcək.
Anar Kəlbiyev
Azvision.az