Nazirlərin iştirakı ilə Gəncədə təqdimat
AzVision.az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təqdimatda Gəncənin “Avropa Gənclər Paytaxtı 2016” müsabiqəsinə qoşularkən həyata keçirilən fəaliyyətlər və bundan sonra şəhərdə görülən işlər barədə məlumat verib.
Gənclər və İdman Naziri Azad Rəhimov çıxışında bildirib ki, Gəncə Avropanın Gənclər Paytaxtı seçilməklə sübut edib ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir.
Təhsil naziri Mikayıl Cabbarov ölkədə təhsil sahəsində atılan addımlardan danışıb.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov qeyd etdi ki, Azərbaycanda müasir texnologiyalardan olan internet yüksək səviyyədədir və bu şəbəkə ölkənin hər yerində keyfiyyətli xidmət göstərir. Nazir müavini vurğulayıb ki, 2016-ci ildə Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi münasibəti ilə şəhərdə internetin sürəti və keyfiyyəti daha da yaxşılaşdırılacaq.
Çıxış edənlər Gəncənin Avropa gənclər paytaxtı seçilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu əlamətdar hadisə Azərbaycanı, xüsusən də Gəncə şəhərini dünyada tanıdacaq. Xatırladaq ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il 21 noyabr tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunub.