Uşaq bağçaları 10 il vergidən azad edildi

Uşaq bağçaları 10 il vergidən azad edildi
  27 Dekabr 2013    Oxunub:2249
Azərbaycanda fəaliyyət göstərən uşaq bağçaları vergidən azad edilə bilər.

AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Layihə barədə məlumat verən İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanun layihəsi Azərbaycanda sosial inkişafın tərəqqisinə kömək edəcək:

“Belə ki, körpələr evi, uşaq bağçaları, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evləri 2014-cü ilin yanvar 1-dən başlayaraq, 10 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilsin. Məlumat üçün bildirdim ki, Azərbaycan MDB məkanında uşaqların bağçalarla təmin edilməsi səviyyəsinə görə xeyli geridə qalır. Azərbaycanda bu gün 5 yaşlı uşaqların yalnız 15 %i bağçalarla təmin olunub. Bu qanunun qəbulu xüsusilə də özəl sektorun bağçaların tikintisinə imkanlarını xeyli genişləndirəcək. Hazırda məktəbəqədər təhsil müəssisələrinin 40 %-i özəl müəssisələrin payına düşür .Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram”-deyə, Z.Səmədzadə əlavə edib.

Millət vəkili Aytən Mustafayeva bağçalarda vəziyyətin həddən artıq pis olduğunu deyib: “İstilik bərbad vəziyyətdədir, mən hətta Nəsimi rayonundakı bağçanın birində isti üst geyimi ilə bir saat otura bilmədim, soyuqdan dondum. Ona görə bu məsələyə ciddi nəzarət etmək lazımdır. Dedilər ki, Heydər Əliyev Fondu gəlib baxıb, təmir olunacaq. Axı hər yeri fond təmir etdirə bilməz axı? Ölkədə başqa dövlət qurumları da var”.

Deputat Siyavuş Novruzov da uşaq bağçalarında vəziyyətdən narahatlığını bildirb. O deyib ki, rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır: “Amma təhsil qanuna görə, uşaqlar orta məktəbə bağmadan gəlməlidirlər”.

Millət vəkili özəl baxçaların da çox baha olduğunu deyib: «Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, 700 manatdan 900 manatadək dəyişir. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə onda bu dəyişikliyin elə bir mənası yoxdur”.

Oqtay Əsədov isə bildirb ki, bu yeni məsələdir və bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edək.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti