Təhsil naziri yeni qəbul qaydasını təsdiqlədi

Təhsil naziri yeni qəbul qaydasını təsdiqlədi
  28 Dekabr 2013    Oxunub:1064
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası” təsdiq edilib.
AzVision.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, belə ki, təhsil nazirinin imzaladığı əmrdə nazirliyin bütün şöbə və idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərlərinə fəaliyyətlərində bu qaydalara tam və düzgün tətbiq olunmasını təmin etmək tapşırılıb.

Eyni zamanda qeyd olunub ki, Təhsil Nazirliyinin, ali və orta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin vəzifəli şəxsləri bu qaydalara əlavə ilə müəyyən olunmuş qəbul qrafikinə ciddi riayət etməlidirlər.

Qaydalara əsasən, nazirin qəbulu – ayda bir gün, nazir müavinlərinin qəbulu – iki həftədə bir gün, aparat rəhbəri, şöbə müdirləri və idarə rəislərinin qəbulu – həftədə azı bir gün olacaq. Nazirliyin şöbə və idarələrinin (rəhbərlər istisna olmaqla) əməkdaşları tərəfindən vətəndaşlar hər iş günü qəbul ediləcək. Qəbul qrafiki nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılır, rəsmi internet səhifəsində (www.edu.gov.az) və elektron xidmət bölməsində (bundan sonra – EXB) yerləşdirilib.

Vətəndaşların birbaşa qəbulunu şərtləndirən hallar istisna olmaqla, vətəndaşlar təhsil nazirinin müavinləri və aparat rəhbərinin qəbuluna müvafiq şöbə və idarə rəhbərləri, təhsil nazirinin qəbuluna isə müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər. Qeyd olunub ki, qəbula yazılan vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Lakin həmin sənədin olmaması onu dinləməməyə əsas verə bilməz. Qəbula gəlmiş vətəndaş İnformasiya şöbəsinin əməkdaşları tərəfindən dinləniləcək və vətəndaşların uçotu jurnalında qeydiyyata alınmaqla məsələnin mahiyyəti üzrə onun aidiyyəti şöbədə qəbul edilməsi təmin ediləcək.

Vətəndaşlar növbəlilik prinsipi əsasında qəbul günü və ya qabaqcadan şəxsən müraciət etməklə, EXB vasitəsi ilə və ya nazirliyin Telefon Məlumat Mərkəzinə zəng etməklə qeydiyyata alınacaqlar. Vətəndaşların qəbulu işi Nazirliyin inzibati binasında İnformasiya şöbəsi tərəfindən təşkil ediləcək. Vətəndaşların qəbulu işini yarım ildə bir dəfədən az olmayaraq ümumiləşdirilərək təhlil olunacaq.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti