SOCAR-dan özünü yandırmaq istəyən işçi ilə bağlı AÇIQLAMA

SOCAR-dan özünü yandırmaq istəyən işçi ilə bağlı AÇIQLAMA
  30 Dekabr 2013    Oxunub:1208
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünü şirkətin binası qarşısında yandıracağını bəyan edən işçisi ilə bağlı mövqeyini açıqlayıb.

ARDNŞ-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata açıqlamada deyilir ki, dekabrın 29-da müxtəlif elektron informasiya sayt və portallarında ARDNŞ-nin “Kompleks qazma işləri” tresti “Abşeron” Qazma İşləri İdarəsinin qazmaçı köməkçisi Əliyev Bəhruz Malik oğlunun açıqlaması yayılıb. Açıqlamada göstərilən məlumatlar araşdırılıb. Məlum olub ki, Bəhruz Əliyev həqiqətən də 2010-cu ildən ARDNŞ-nin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində işə götürülüb, 2012-ci ilin oktyabrından fəaliyyətini “Kompleks qazma işləri” tresti “Abşeron” Qazma İşləri İdarəsinin 8 saylı briqadasında 4-cü dərəcəli qazmaçı köməkçisi kimi davam etdirib, hal-hazırda da həmin işdə çalışmaqdadır. 8 saylı briqadanın işlədiyi Şıxıqaya sahəsində qazma işi aparılmadığından briqadanın əməkdaşları, o cümlədən də Bəhruz Əliyev boşdayanmadadır və bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq, onlara əmək haqlarının üçdə ikisi həcmində maaş ödənilir.

Beləliklə, Əliyev Bəhruz Malik oğlu bu gün də ARDNŞ-nin işçisidir, öz ifadəsi ilə desək, “ixtisara salınması” haqqında ona heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib. Odur ki, onun guya “ixtisara salınması” haqqında dedikləri və bunu səbəb göstərərək, özünü ARDNŞ-nin binası qarşısında yandıracağı barədə açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur.

ARDNŞ-nin müəssisələrində, o cümlədən B. Əliyevin işlədiyi “Kompleks qazma işləri” trestində aparılan struktur dəyişikliklərinə dair şirkətin rəsmi saytında 29 dekabr 2013-cü il tarixində yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi, həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti struktur dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət edərək, onları bu dəyişikliyin nəticələri haqqında şaiyələrə uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır. Şirkətimiz həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-nin əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə də öz məkrli niyyətlərinə çatmayacaqlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti