Kaş, ölməyəydin Zaur

Kaş, ölməyəydin Zaur
  31 Dekabr 2013    Oxunub:1756
Ölüm haqdır… Bir gün gəldiyimiz kimi, bir gün də bu dünyadan köçəcəyik. Bu, əzəldən, dünya yaranandan belədir. Kimi gec, kimi tez... Vaxtı çatanda, əcəli yetəndə Allahın yaratdığı hər bir bəşər övladı əbədiyyətə qovuşacaq.

Özünə benzin vurub yandıran Zaur da ta o günə kimi belə düşünürdü. Öləcəyini bilirdi. Bilirdi ki, nə vaxtsa gözlərini əbədi yumacaq. Bilirdi ki, “Süleymana qalmayan dünya” ona da qalmayacaq, vaxtı çatanda dünyasını dəyişəcək.

Amma Zaur bir şeyi bilmirdi. Bilmirdi ki, nə vaxtsa “qatil” olacaq. Bilmirdi özü-özünə qənim kəsiləcək, ailəsini, körpə balalarını, doğmalarını gözü yaşlı, ürəyi dağlı qoyub bu dünyadan gedəcək. Bax, bunu Zaur dekabrın 25-ə kimi bilmirdi.

Çünki o aciz, qorxaq, cəzarətsiz adam deyildi. Vətənini, xalqının namusunu qorumaq üçün ermənilərlə qorxmadan, çəkinmədən vuruşaraq Qarabağ veteranı olmuşdu. Düşmən qarşısında baş əyməmişdi. Döyüşə kişi kimi gedib, kişi kimi də gəlmişdi.
Zaurun ölümdən qorxduğuna heç kimin zərrə qədər də şübhəsi yox idi. Düşmənin öldürə bilməyidi Zauru elə Zaur özü öldürdü.

Zaur Həsənov faciəli ölümü ilə hər birimizi kədərləndirdi. Ən əzizimiz, doğmamız ölmüş kimi onun ölümü ilə sarsıldıq. Yoxluğu ilə barışa bilmirik. Ürəyimiz qan ağlayır, yas içindəyik.. Çünki, Zaur belə ölümə layiq oğul deyildi. Belə ölüm yaraşmadı Zaura. Onun üçun ən şərəflisi şəhidlik idi. Bunu da Allah ona qismət eləmədi.

Zaur təkcə özünü öldürmədi, içimizdəki mərhəməti, sevgini, yaşamaq istəyini də özü ilə apardı.

Amma nə qədər qəhərlənsəm də, üzülsəm, etiraz etsəm də ona heç cürə haq qazandıra bilmirəm.

“Zaur, bağışla amma sən düz eləmədin. Beş uşağı, yoldaşını başsız qoyub getmək sənə yaraşərdımı? Axı sən öldün getdin, onlar necə olacaq? Heç balalarını düşünmədinmi? Onları niyə yetim qoydun?”-deyə Zaura suallar verib ürəyimi boşaltmaq istərdim.

Cavabsız suallar gecə-gündüz məni narahat edir. Hey fikirləşirəm, götür-qoy edirəm yenə də Zaur ölümünə haq qazandıra bilmirəm. Bilirsən niyə? Məni ən çox yandıran günahsız uşaqların yetim qalmasıdır. Belə mərd oğulun çətin anında ailəsini tək qoymasını axı ona yaraşdırmı? Əsla..

Kaşki, ölməyəydin Zaur! Sən böyük gühan işlədin. Ailəni, uşaqlarını başsız qoyub getdin... Düşünmə ki, ölümünlə onları xoş günə çıxartdın, əksinə ürəklərinə elə od qoydun ki, bu alov onları çox yandıracaq.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti