Yeni ildə yeni qanunlar

 Yeni ildə yeni qanunlar
  31 Dekabr 2013    Oxunub:1095
Yanvarın 1-dən Azərbaycanda bir sıra qayda və qanunlar qüvvəyə minəcək, bəzi tariflərə dəyişiklik ediləcək.
Sabahdan ölkədə stasionar telefon xidmətlərindən istifadəyə görə, vətəndaşlar üçün aylıq abunə haqqı 50 qəpik artırılaraq 2 manat 50 qəpik olur. Təşkilatlar isə aylıq 7 manat ödəyəcəklər. Amma telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata endirilir. Beynəlxalq danışıq tarifləri, faks aparatından aylıq istifadə haqqı isə aşağı salınır. Yeni ildən qüvvəyə minəcək daha bir vacib sənəd 2014-cü ilin dövlət büdcəsidir. Gələn ilin büdcə gəlirləri 18,3 milyard, xərcləri 20 mlrd., büdcə kəsiri isə 1,6 milyard manat təşkil edəcək. Bu xərclər əsasən sosial yönümlü sahələrə təhsil, səhiyyə və pensiyalarda ediləcək artımlara yönəldiləcək.

Ötən il prezident İlham Əliyevin imzaladığı digər bir sərəncamla ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib. Bu qanuna əsasən sabahdan yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində olacaq.

Yanvarın 1-dən Azərbaycanda qadınların pensiya yaşı da dəyişəcək. Belə ki, qadınların pensiyaya çıxma yaşı yarım il artırılaraq 59 yaş yarım olacaq.

Vergi Məcəlləsinə edilən dəyişikliklər də bu il yanvarın 1-dən qüvvəyə minir. Bu dəyişikliklərə əsasən sabahdan ölkədəki bütün körpələr evləri, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 10 il müddətinə mənfəət və sadələşdirilmiş vergidən azad olunur. Kənd təsərrüfatı sahəsində çalışanlara da şad xəbər var. Torpaq vergisi istisna olmaqla, bu sahə üzrə vergidən azad olmalar daha 5 il müddətinə uzadılacaq.

Yeni ildən ölkədə fəaliyyət göstərən televiziyaların yayımı da rəqamsal sistemə keçir. Bununla da, yerli televiziyaların yayımının keyfiyyəti daha da yaxşılaşacaq. Sabahdan həm də ölkədə gənclərin hərbi xidmətə növbəti çağırış başlayır. Ali baş komandanın sərəncamına görə, yola saldığımız ili səngərdə qarşılayan bir çox əsgərlərimiz yeni ili evlərində qarşılayacaq. Vətəni yeni əsgərlər qoruyacaq. (ANS TV)




Teqlər:





Xəbər lenti