Dünya kanallarında 20 Yanvar faciəsindən danışılacaq

Dünya kanallarında 20 Yanvar faciəsindən danışılacaq
  02 Yanvar 2014    Oxunub:1117
Prezident Administrasiyası rəhbərinin Sərəncamı ilə“20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edildi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edildi.

Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunan tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, yanvarın 17-də bütün tədris müəssisələrində faciəyə həsr olunan xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunacaq.

Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti