Onlayn təhsilin müsbət və mənfi tərəfləri - Ekspert rəyi
“Şagirdlər üçün yeni metodda dərs maraqlıdır. Onlar XXI əsrin texnoloji yeniliklərdən erkən yaşlarda istifadə edib yararlanırlar. Normal dərslərdə ən utancaq şagird belə onlayn dərslərdə iştirak edir, kompleks hissi az olur. Valideynlər dərslərə nəzarət edir, uşaqlar ikiqat məsuliyyət hiss edirlər. Valideynlər şagirdlərlə bərabər tamamilə dərs prosesinin ağırlığını hiss edirlər. Onlayn dərslər açıq dərsdir. Müəllim valideynlər tərəfindən nəzarətdə olduğu üçün dərsi boş keçə bilmir. Amma ənənəvi dərsdə bəzi hallarda müəllimlər “dərsi yola verirdilər”. Şagirdlərin "ev tapşırığını bilmirəm" bəhanələri olmur. Çünki ev tapşırıqları qrupda yazılır və həm valideyn, həm də şagird tərəfindən görünür, yaddaşda qalır. Məsələn, mən keçdiyi dərslərə uyğun oyun tipli tapşırıqlar verirəm, dərslərinə aid videolar, dinləmələr və mahnıları qrupa yollayıram. Bu tapşırıqları şagirdlər çox həvəslə yerinə yetirirlər”.
Onlayn rejimdə dərsin başlanma və bitmə vaxtının çərçivədə olmadığını deyən ekspert bildirib ki, şagirdlərlə günün istənilən saatında, istənilən qədər dərs keçmək mümkündür.
“Bu da mövzunu şagirdlərə daha yaxşı mənimsətməyə imkan verir. Lakin onlayn dərsin çatışmazlıqları da var. Birincisi, internetin zəif olması və ya olmaması. Bakıda bu problem olmasa da, regionlarda çalışan bir çox müəllimin internet problemi var. “Zoom” proqramına, “Virtual məktəb”ə qoşulmaq olmur, yalnız “Whatsapp” qruplarında dərs keçməli olurlar. Bölgələrdə çox az müəllim onlayn dərs keçir, şagirdlərin 60-70% -i onlayn dərslərdə iştirak edə bilmir. Rayonlarda isə “Virtual məktəb”dən isə söz gedə bilməz. Uşaqların özünün şəxsi telefonu, kompüterinin olmaması onların onlayn dərslərdə iştirakına mane olur. Atası- anası işdə olanlar dərslərdə iştirak edə bilmir”.
K.Əsədovun fikrincə, onlayn dərslər zamanı valideynlərin, uşaqların yersiz və zamansız mesajları, səsli uzun-uzadı smslər yollaması müəllimin vaxtını alır.
“Bu qədər şagird və validəynlərə cavab vermək qeyri-mümkündür. Digər tərəfdən mobil operatorlarlar tərəfindən internet tarifləri ilə bağlı heç bir güzəşt edilmir. Əgər mobil operatorlar və internet provayderləri tərəfindən internet güzəştləri olsa, həm muəllimlər, həm də şagirdlər daha yaxsı nəticələr göstərər, daha həvəsli olarlar. Çünki 40 dəqiqəlik “Zoom” proqramı ilə bir dərsi keçmək müəllimə azı 10 manatlıq internet işlətməyə başa gəlir. Bunu gündəlik dərslə hesablasaq, müəllim üçün baha başa gəlir. Şagirdlərə dərs vaxtı kənardan edilən müdaxilələr, kömək cəhdləri, uşaqların müəllimi aldatmaq cəhdləri də unudulmamalıdır. Müəllim bütün monitordakı görüntülərə eyni vaxtda baxa bilmir”.
K.Əsədov hesab edir ki, normal dərsə qayıtdıqdan sonra 2 aylıq vərdişin qısa müddətdə aradan qaldırılması inandırıcı görünmür: “Şagirdlər bundan sonra daha çox telefonu istəyəcəklər. Onlayn dərslər şagirdlərin sosiallaşmasına, canlı ünsiyyətinə mane olur. Yalnız virtual münasibətlər formalaşır ki, bu da onların psixoloji dayanıqlılığına maneədir. Yəni, biz bilik verə bilirik, amma bacarıları formalaşdıra bilmirik, onları psixoloji tərbiyə edə bilmirik”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Onlayn-dərs