Eldar Namazov:`Milli Şura artıq yoxdur`

Eldar Namazov:`Milli Şura artıq yoxdur`
  07 Yanvar 2014    Oxunub:1047
Eldar Namazov yeni Milli Şura haqda bədbin danışdı. “Bizim yaratdığımız Milli Şura artıq yoxdur”.

AzVision.az xəbər verir ki, EL Hərəkatının sədri Eldar Namazov musavat.com-un yaydığı Milli Şuranın mətbuatda və ictimaiyyətə qapalı olan layihə-siyahısına və EL-in bu siyahıya “yox” deməsi xəbərinə münasibət bildirib.

Hələ may ayında Milli Şura yaradılarkən prosesin ən ön sıralarında olan və fəallığı ilə seçilən, indi isə Milli Şuranın yeni və gizli siyahısında yer alan E.Namazov qurum ətrafında gedən son proseslərdən ciddi şəkildə narazı qalıb.

E.Namazov virtualaz.org-a açıqlamasında dedi ki, bu proseslər açıq şəkildə aparılmalı idi: “Belə bir qərar geniş ictimai müzakirədən keçirilməli və ya məsləhətləşmələr aparılmalı idi. Bundan sonra bu qərar açıqlanmalı idi. Bu qərarı qapalı saxlamaq istəyənlər də var idi, mətbuata ötürmək istəyənlər də. Bu da məndə dərin təəssüf hissi doğurur”.

İctimaiyyətə heç vaxt yanlış məlumat vermədiyini deyən E.Namazov Milli Şuranın bu qərarı ilə razılaşmadığını söylədi: “Bu xəbər məndə təəssüf hissi doğurdu. Amma bu xəbəri təsdiqləməkdən başqa çarəm qalmır”.

Milli Şuranın gizli siyahısının mətbuata necə çıxdığına gəlincə isə E.Namazov bunu dəqiq bilməsə də bu məlumatda təkzib olunmalı heç bir məqamın olmadığını qətiyyətlə dedi.

EL-in bundan sonra Milli Şurada təmsil olunması məsələsinə də münasibət bildirən E.Namazov təşkilatdaxili müzakirələrin aparıldığını vurğuladı: “Milli Şurada yer alan təşkilatlar və partiyalar daxilində bu qurumda təmsil olunmaqla bağlı müzakirələr həmişə aparılır. EL də öz müzakirələrini aparır və vaxtı gələndə öz rəsmi qərarını açıqlayacaq. Verilən qərar Milli Şurada indi aparılan müzakirələrin gedişatından asılı olacaq. Yeni situasiyanın, yeni mahiyyətin hamı üçün məqbul olub-olmayacağı danışıqların sonunda məlum olacaq”.

El sədri əvvəl yaradılan Milli Şuranın artıq olmadığını da söylədi: “Milli Şuranın taleyi bir neçə təşkilatdan asılı deyil. Ümumi bir qərar olmalıdır. Təəssüflər olsun ki, 2013-cü ilin mayında yaratdığımız Milli Şura artıq yoxdur. İndi söhbət köhnə adla, amma yanaşma, idarəetmə və format baxımından fərqli olan Milli Şuradan gedir. Əvvəlki Milli Şura artıq yoxdur”.


Teqlər:





Xəbər lenti