“Ad günümdə ən gözəl hədiyyəni prezident verdi”

“Ad günümdə ən gözəl hədiyyəni prezident verdi”
  07 Yanvar 2014    Oxunub:1206
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlının ad günüdür. 60 yaşını qeyd edən YAP funksioneri ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

M.Qurbanlı doğum günü ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.
Hazırda işdə olduğunu deyən deputat doğum gününü iş yoldaşları ilə tort kəsərək qeyd edəcəyini deyib.

YAP rəsmisi həmçinin “Şöhrət” ordeni ilə təltif olunduğuna görə ölkə başçısına təşəkkür edib:

“Əməyimizə verdiyi qiymətə görə prezidentə çox minnətdaram. Çoxlu təbrik almışam, dostlardan, tanışlardan və bu təbriklər davam edir. Bütün təbriklərə görə dostlara təşəkkür edirəm. Sosial şəbəkədə də minlərlə dostum var, onların da hamısı təbrik yazıb. Ad günümü günorta iş yoldaşlarımla tort kəsməklə qeyd edəcəm”.

Qeyd edək ki, M.Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. Rus dilini bilir.

1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinindeputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti