Azərbaycan dünyanın gündəmində

Azərbaycan dünyanın gündəmində
  08 Yanvar 2014    Oxunub:1068
Fransanın nüfuzlu internet qəzetləri və saytlarında ölkəmizlə bağlı məqalələr yer alıb
Son zamanlar Fransada Azərbaycana qarşı maraq artıb. Bunu ölkə mətbuatında dərc olunan məqalələr sübut edir. Nüfuzlu “Ortodoxie” internet qəzetindəki “Azərbaycan Prezidenti Milad bayramı münasibətilə pravoslav xristian icmasını təbrik edib” sərlövhəli məqalədə müsəlman dünyasında yeganə tolerantlıq və dünyəvilik məkanı olan Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin dininə, dilinə və mədəniyyətinə hörmətlə yanaşıldığı diqqətə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə ölkəmizdəki pravoslav xristian icmasına ünvanladığı təbrikdə yer alan “Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar” fikri xüsusi vurğulanıb.

Məqalədə qeyd edilib ki, sivilizasiyalararası və dinlərarası dialoqun hökm sürdüyü ölkə yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanır, demokratik dəyərləri inkişaf etdirir, azlıq təşkil edən etnik qrupların birgəyaşayış normaları dövlət tərəfindən lazımı səviyyədə müdafiə olunur. Azərbaycanda hər il Milad bayramının yüksək səviyyədə qeyd edildiyi xatırlanan məqalədə Prezident İlham Əliyevin təbrik məktubunda səsləndirdiyi “pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişaf və quruculuq prosesində yaxından iştirak edirlər” fikri oxucuların diqqətə çatdırılır.

Ölkənin “Riposte Laique” internet qəzetində isə dekabrı 14-də Fransa Milli Assambleyasında “Fransa-Azərbaycan dünyəvi səyahətlər: müstəsna, yoxsa universal nümunələr?” mövzusunda keçirilən kollokviumdan bəhs edən yazı verilib.

Məqalənin müəllifi Eve Sovajer əhalisinin 95 faizinin müsəlmanlar təşkil edən Azərbaycanın artıq dünyəvi bir ölkə kimi tanındığını, ölkəmizdə dünyəviliyin bir tarixi proses kimi dəyərləndirildiyini, Azərbaycan modelinin dünyanın inkişaf edən digər ölkələr üçün əsl nümunə olduğunu, bütün dinlərə hörmət və ehtiram bəsləndiyini, Bakının mərkəzində sneqoqun fəaliyyət göstərdiyini, yerli əhalinin bu məbədə qarşı hər hansı nalayiq hərəkətə yol vermədiyini xüsusi vurğulayıb.

Məqalədə müxtəlif təşkilatların təmsilçilərinin çıxışlarında son zamanlar Fransa kimi bir ölkədə antisemitizm, rasizm və islamofobiya hallarının gücləndiyi halda, Azərbaycanda dünyəviliyin daha qabarıq nəzərə çarpmasına, müxtəlif etnik qrupların əsrlər boyu dostluq şəraitində yaşamalarına, qadınların özlərinə həyat yoldaşları seçməkdə müstəqil olmalarına dair səsləndirdikləri fikirlərdən bəhs olunur.

“Adiam94.orq” saytındakı “Xanəndə Güllü Muradova” adlı məqalədə Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti barədə ətraflı məlumat verilir, xanəndənin yüksək peşəkarlıqla ifa etdiyi muğamın Orta Asiya və bəzi müsəlman ölkələrdə yayılmasına baxmayaraq onun əsl vətəni Azərbaycan olduğu diqqətə çatdırılır, tar və kamança ilə müşayiət olunduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti