Müxalifətin dağılan tifaqı: 9-cu süqut - TƏHLİL

Müxalifətin dağılan tifaqı:  9-cu süqut - TƏHLİL
  08 Yanvar 2014    Oxunub:2576
2013-cü il prezident seçkiləri öncəsi müxalifəti bir araya toplamaq məqsədilə yaranan Milli Şuranı ötən gün daha bir siyasi partiya tərk edib. Müsavat Partiyası yaydığı rəsmi bəyanatla qurumdan çıxdığını elan etdi. Buna reaksiya da birmənalı olmadı. AXCP Müsavatı satqınlıqda ittiham edərək müttəfiqlərinin ünvanına ağır ittihamlar səsləndirib. Müsavatın Milli Şuradan getməsi müxalifətin növbəti birliyinin sonuna gətirib çıxardı. Siyasi proseslərdə hər hansı çəkisi hiss olunmayan Milli Şuranın demək olar ki, bununla da kitabı bağlandı.

Yaxın tarixə nəzər yetirsək görərik ki, Milli Şura Müsavatın tərk etdiyi və yaxud da AXCP-Müsavat intriqasının yarandığı ilk birlik deyil. İndiyədək 20 ildən çoxdu ehtiyatda olan müxalifət müxtəlif adlarla dəfələrə birləşib ayrılıblar. Bu baxımdan Milli Şura müxalifətin iflasa uğrayan ilk birliyi deyildi.

Məsələn, 1998-ci il prezident seçkilərində müxalifət SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) adlı hərəkatın çətirin altında birləşdilər. Lakin AXCP və Müsavatın ümumi fikrə gələ bilmədiyindən vahid namizədlik məsələsində heç bir razılıq əldə olunmadı. Birlik seçkini boykot etmək qərarı qəbul edir və sonda SİDSUH yoxa çıxır.

Tarixə düşən Demkonqress

Müxalifətin növbəti birliyi 2000-ci ildə yaradıldı. Bu, Demkonqress, yəni Demokratik Konqress adlanan birlik idi. Bu quruma daxil olan AXCP və Müsavat seçkidə proporsional qaydaya iştirak üçün ümumi siyahı hazırlaya bilsə də Elçibəyin ölümündən sonra DemKonqress iki yerə parçalanır. Bir sözlə, bu birlik də uzun müddət davam etmir.

Başlamadan iflasa uğrayan birlik



Üç il sonra prezident seçkilərinə hazırlaşmağa başlayan müxalifət “Bizim Azərbaycan” blokunu yaradır. Bu blok Müsavat Partiyası yaradılmışdı. Onun “mehriban düşməni” AXCP isə Etibar Məmmədova dəstək verirdi. Sonradan AXCP, eləcə də Etibar Məmmədov İsa Qəmbəri dəstəkləsə də onların gözlədiyi nəticə əldə olunmadı.

Azadlığa çıxmayan “Azadlıq”



Növbədə 2005-ci ilin parlament seçkiləri idi. Bu seçki ərəfəsində isə “Azadlıq bloku” yaradıldı. Bu seçki ərəfəsində yaranan daha bir blok isə keçmiş prezident köməkçisi Eldar Namazovun “YES” bloku idi. Seçkidə parlamentdə yer qazanmağa nail olan Müsavat bundan sonra “Azadlıq” blokunu tərk etdi. Bununla da Namazovun bloku uzun müddət varlığını qoruyub-saxlaya bilmədi.

2008-ci ildə baş tutan növbəti prezident seçkisində müxalifət yenidən seçkiləri boykot etdi. 2010-cu ilin parlament seçkiləri ərəfəsində Müsavatla AXCP-nin birləşməsi barədə təkliflər səslənsə də bu, baş tutmadı. Seçkilərdən sonra onun nəticələrinə etiraz olaraq İctimai Palata yaradıldı. Bu qurum seçkinin nəticələrinə hər hansısa təsir edə bilmədi.

9-cu süqut...



Son olaraq isə 2013-cü il prezident seçkilərinə hazırlıq olaraq müxalifətdə “EL” hərəkatı, daha sonra isə müxalifətin birliyi hesab olunan Milli Şura yaradıldı. Seçkini uğursuzluqla başa vuran Milli Şuranın sıralarında seçki dövründən sonra azalma müşahidə olunurdu.

Belə ki, eks-spiker Rəsul Quliyev, Azərbaycan Liberal Partiyası, son olaraq isə Müsavat bu qurumu tərk etdi.

Qeyd etdiyimiz kimi, müxalifət düşərgəsində yaradılan birliklərin böyük əksəriyyəti qısa müddətdə dağılıb. Müxalifətin uzun müddət bir arada ola bilməməsinin səbəbi nədir? Müxaliflərin bu ayrılığının gerçək səbəbi nədir?

Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, müxalifətin bu aqresivliyinin əsl səbəbi onların uzun illərdir hakimiyyətə gələ bilməməsidir.

“Müxalifətdəki qüvvələr 20 ildir ki, hakimiyyətə gələ bilmir, bu da daxildəki intiriqaları, ittihamları artır. Təəssüf ki, bəzən bu ayrılmalar daha sərt formada özünü göstərir. Bir-birilərinin addımları soyuqqanlı qarşılanmır. Müsavat Milli Şuradan çıxmaq qərarını verib, buna görə də göydə ittihamlar uçuşur, bir-birilərinin ünvanına təhqirlər, söyüşlər yağdırırlar. Prezident seçkiləri bitib və faktiki olaraq Milli Şuranın effekti qalmayıb. Bundan sonra da bu qurumun hansısa uğur qazancağına inanmıram”.

Politoloq həmçinin qeyd edib ki, hazırda Milli Şurada ziddiyyətli qurumlar olduğuna görə, onlar da bu qurumdan ayrıla bilər:

“Növbədə 2015-ci ilin parlament seçkiləri var. Müsavat belə qərara gəlib ki, onun hər hansısa bloka ehtiyacı yoxdur. Xalq Cəbhəsi isə fərqli düşünür, o hesab edir ki, Milli Şuranı saxlamaqla müxalifətin vahid fəaliyyətini davam etdirmək mümkündür. Amma mən hesab edirəm ki, bu, inandırıcı deyil, çünki Milli Şurada zidiyyətli qurumlar çoxdur. Onlar da Milli Şurtanı tərk edə bilər. Bu qədər söyüşlü ittihamları gördükdə müxalifətin parlament seçkilərinə də yaxşı hazırlaşacağını düünmürəm”.

Müxalifətin uğursuzluğunun əsas səbəblərindən biri olaraq güzəştə getməməyi göstərən E.Şahinoğlu bunun narazı elektoratın dairəsini azaltdığını deyir: “Müxalifət daxilində bir-birilərinə güzəştə getməmək onların özünə mənfi təsir edir. Ölməmiş ayının dərisini bölməyə çalışırlar. Sadə vətəndaş sual edir; müxalifətdə ola-ola onlar bir-birinə bu qədər qənim kəsilibsə, hakimiyyətə gəlsələr vəzifə üstündə nələr edərlər? Yəni, bu cür hərəkətlər narazı elektratın dairəsini məhdudlaşdırır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti