Əli İnsanovun yeri dəyişdirilir

Əli İnsanovun yeri dəyişdirilir
  09 Yanvar 2014    Oxunub:1911
Keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüləcək.
Məlumatı “Media forum” saytına vəkil Toğrul Babayev verib.

Vəkil deyib ki, köçürülmə İnsanovun işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesləri ilə bağlıdır: “Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində Əli İnsanovun işi üzrə iki məhkəmə prosesi olacaq. Birində Əli İnsanovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı şikayətinə, digərində isə onun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş işinə baxılacaq. Qanunvericiliyə görə, işinə məhkəmədə baxılan məhkum Bakı İstintaq Təcridxanasına köçürülməlidir ki, onun prosesdə iştirakı mümkün olsun”.

Babayev hesab edir ki, Bakı Apelyasiya Məhkəməsi İnsanovu azadlığa buraxmalıdır: “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları var. Orada birbaşa yazılıb ki, birinci instansiya məhkəməsində işə baxılan zaman Əli İnsanovun hüquqları pozulub, ədalətli məhkəmə araşdırması aparılmayıb. Bakı Apellyasiya Məhkəməsi Avropa Məhkəməsinin qərarlarını rəhbər tutaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv etməlidir. Azərbaycan qanunvericiliyi və ölkənin qoşulduğu beynəlxalq konvensiyalar bunu tələb edir. Biz də bunu gözləyirik”.

Vəkilin fikrincə, buna qədər Bakı Ağır Cinayətlər Məhkəməsində, apellyasiya instansiyasında və Ali Məhkəmədə işə baxılanda İnsanova qarşı qərəzli mövqe tutulub: “Avropa Məhkəməsi Əli İnsanovla bağlı hər üç məhkəmənin hökmlərini ləğv edib. Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında işə yenidən baxdı və Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarını ləğv etdi. Amma Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxladı. Bu da tamamilə qanunsuzdur. Çünki əsas qanun pozuntusu Bakı Ağır Cinayətlər Məhkəməsində baş vermişdi və bu, Avropa Məhkəməsinin hökmündə də əksini tapıb. Ali Məhkəmənin sədri Ramiz Rzayev isə qanunları pozdu. O dedi ki, Azərbaycan müstəqil ölkədir, Avropa Məhkəməsi bizə göstəriş verə bilməz. Apellyasiya məhkəməsində nə baş verəcəyini görəcəyik, indidən versiyalar üzrə danışmaq istəmirəm”.

Babayev bildirib ki, yanvarın 8-də İnsanovla görüşüb: “Səhhəti, əhval-ruhiyyəsi yaxşıdır. İşin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini normal qiymətləndirir. Məhkəməyə ciddi hazırlaşır”.

Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.


Teqlər:





Xəbər lenti